Ağ xalatlıların cəzası - ARAŞDIRMA

 Ağ xalatlıların cəzası -  ARAŞDIRMA
  18 Aprel 2013    Oxunub:1852
“Çox nadir hallarda həkim qəsdən adam öldürür, ancaq öldürərsə...”
Ölkəmizdə pasiyentin sağlamlığına vurulmuş zərərin ödənilməsinə dair hər hansı bir qanun maddəsi yoxdur. Buna görə də, vətəndaş müalicə prosesində və ya müəyyən əməliyyat zamanı hər hansı bir fəsadla qarşılaşdıqda buna səbəb olan həkimin cəzalandırılmasına, yaxud təzminat əldə etməyə nail olmaqda çətinlik çəkir. Bu, həkimlərin insan həyatı bahasına başa gələn işlərinə məsuliyyətsiz yanaşmalarına da səbəb ola bilir. Axı cəza olmayan yerdə məsuliyyət də arxa plana keçir. Elə insanların sağlamlığının ixtisasca həkim olmayanların reseptindən keçdiyi və ziyan gördüyü də danılmazdır.

Ancaq cari ilin yanvar ayında Milli Məclisin sosial siyasət komitəsində “Pasiyentin hüquqları haqqında“ qanun layihəsi müzakirəyə çıxarılmasına baxmayaraq, qəbulu nədənsə ləngiyir. Qanun layihəsində qeyd olunur ki, pasiyentə tibbi yardım göstərilməsi zamanı sağlamlığına ziyan yetirildiyi hallarda zərərin ödənilməsini tələb etmək hüququ var. Pasiyentin sağlamlığına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyətin şərtləri və qaydaları, habelə kompensasiyaların ödənilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir.

Sənəd əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsinə xidmət edən bu qanuna əsasən, xəstəyə istənilən formada düzgün diaqnoz qoya bilməyən həkimlər işlədiyi müəssisənin kollegiyasının təklifi ilə cinayət məsuliyyətinə cəlb olunacaq. Yəni təkcə yanlış müalicə aparan və ölümdə səbəbkar olan həkimlər yox, ilkin diaqnozda səhvə yol verən tibb işçiləri də cinayət məsuliyyəti daşıyacaqlar. Xəstəyə dəyən zərərə görə, müvafiq tibb müəssisəsi maddi təzminat da ödəyəcək. Qeyd olunan qanuna uyğun olaraq “Cinayət və inzibati xətalar” məcəllələrində də dəyişikliklər ediləcək.

Ancaq Tibb elmləri doktoru Adil Qeybulla cəmiyyətin belə bir qanuna ehtiyacı olmadığını düşünür. Onun fikrincə, sadəcə belə bir kodeks olmalıdır və bu sahədə həkimlər öz peşəkarlıqlarını artırmalıdırlar. Ekspert düşünür ki, bu məsələnin ictimailəşdirilməsi cəmiyyətdə həkimlərə qarşı böyük inamsızlığın yaranmasına səbəb ola bilər: “Pasiyentlərin hüquqlarını müdafiə adı altında həkimlərlə hüquq-mühafizə orqanlarını üz-üzə qoymağın heç kəsə bir xeyri yoxdur. Çünki onlar üz-üzə gəldiyi təqdirdə mütləq bir təmənnaya yol verilir. Belə məsələləri mütəxəssislərin rəyi ilə həll etməyə çalışmaq lazımdır. Çünki hüquq-mühafizə orqanlarının tibb işini bilmədikləri üçün kimin haqlı olduğunu deməyə hüquqları yoxdur”.

Bu qanunun tətbiqinin ümumi işə zərər verəcəyini düşünən ekspretlərin də öz arqumentləri var. Həmçinin, cəmiyyətdə belə bir fikir də var ki, bu qanun qüvvəyə minərsə, həkimlər ağır xəstələri müalicə etməkdən boyun qaçıra bilərlər. Vətəndaşların da bu qanundan sui-istifadə etməsi istisna edilmir. Ancaq vətəndaşlar tam əksini hesab edir. Yəni söhbət insan həyatından getdiyi üçün belə bir qanunun qəbulu istənilən halda vacibdir.

Qeyd edək ki, sözügedən qaydaların tətbiq olunduğu ölkələr də var. Belə ki, 2002-ci ildə pasiyentlərin hüquqları ilə bağlı 12 ölkənin iştirakı ilə Avropa xartiyası qəbul olunub.

Lakin hüquqşünas Ələsgər Məmmədli bildirir ki, ölkəmizdə bu barədə qanun hələ ki, qəbul olunmasa da, pasiyentlər zərər gördüyü halda məsələni Mülki Məcəllənin müddəalarına əsasən də həll edə bilərlər: “Həkim xətalarını minimuma endirmək, zərərçəkənlərin daha yaxşı qorunması üçün pasiyentlərin hüquqları ilə bağlı yeni qanun qəbul etmək istəyirlər. Bu, gücləndirici normalardır. Ancaq pasiyentin həkimin ciddi səhvi ucbatından zərər çəkdiyi sübuta yetirildiyi halda, qanunvericilikdə mülki hüquq qaydaları imkan verir ki, o zaman konkret mülki qaydalarına əməl edərək kompensasiya tələb etsinlər. Amma burda həkimin şəxsə vurduğu zərər çərçivəsində məhkəmə işi qaldırılır. Dəyən zərər sübut etmək şərti ilə maddi və mənəvi ola bilir”.

Ə. Məmmədli bildirir ki, mənəvi zərər dedikdə çəkilən əzab və iztirablar, maddi zərər dedikdə isə, onun müalicə, sağlamlığının bərpası üçün xərclədiyi və xərcləyəcəyi vəsaitlər nəzərdə tutulur. Məhkəmə qaydası ilə bu zərərin qarşılığını tələb etmək olar.

Sözügedən qarşılıq ancaq maddi təzminatdan ibarətdir, yəni heç bir cəzalandırma sistemindən və ya cinayət məsuliyyətindən söhbət getmir: “Çox ciddi şəkildə qəsdən pasiyentin sağlığına zərərvurma amili və ya ölüm halı olarsa, Cinayət Məcəlləsində qəsdən adamöldürmə maddəsi ilə cəzalandırıla bilər. Əgər doğrudan da qəsd varsa... Bu, çox nadir hallarda ola bilər ki, həkim qəsdən adam öldürsün. Əgər hər hansı qərəz, intiqam hissi səbəbiylə belə bir hal baş verərsə, ölümə təşəbbüs məsələsi müzakirə oluna bilər. Ancaq səhlənkarlıqdan, səhvən, yəni təqsiri olmadan zərərverməyə görə cinayət məsuliyyəti yoxdur”.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti