Baş Prokurorluğunun heyəti Rusiyada iqtisadi forumda iştirak edib - FOTOLAR

Baş Prokurorluğunun heyəti Rusiyada iqtisadi forumda iştirak edib -    FOTOLAR
  15 May 2024    Oxunub:938
Mayın 14-dən başlayaraq Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində "Rusiya-İslam dünyası: KazanForum 2024" XV Beynəlxalq İqtisadi Forumu keçirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Forumda Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi Baş Prokurorluğun idarə rəisinin müavini - şöbə rəisi Anar Nəsibov və idarə prokuroru Murad Bayramlıdan ibarət nümayəndə heyəti iştirak edib.

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı Krallığının Baş prokurorlarının müavinləri və digər mötəbər qonaqların iştirak etdiyi forumun "İqtisadi təhlükəsizliyin təminatları və İslam dünyası ilə işgüzar kommunikasiyaların genişləndirilməsi şəraitində təhlükələrin qarşısının alınması" mövzusunda sessiyasında Baş prokurorun müavini Heydər Məmmədov çıxış edib.

Baş prokurorun müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarların hüquqlarının qorunması və əlverişli investisiya mühitinin yaradılması istiqamətində aparılan hüquqi islahatların müsbət nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Həmçinin iqtisadi təhdidlərin qarşısının alınması və korrupsiya ilə mübarizə sahəsində prokurorluğun struktur qurumlarının rolundan bəhs edən Heydər Məmmədov görülən tədbirlərin sahibkarlığın inkişafına müsbət təsir göstərdiyini xüsusilə vurğulayıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu bildirən Baş prokurorun müavini, dövlət başçısı və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması, investisiyaların cəlb edilməsi üçün yaradılan şərait və “yaşıl enerji” zonalarının yaradılması barədə danışıb.

Səfər çərçivəsində Rusiya Federasiyası Baş prokurorunun müavini Pyotr Qorodovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Qazaxıstan və Səudiyyə Ərəbistanı Krallığının Baş Prokurorluqlarının heyətləri ilə ikitərəfli görüşlər keçirilib.

Görüşlər zamanı dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarlara məlumat verilib.

Həmçinin vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının qorunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.

AzVision.az

Qalereya




Teqlər: Baş-Prokurorluq   Rusiya   forum  





Xəbər lenti