Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb

   Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb
  16 May 2024    Oxunub:1156
Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası mayın 16-da Bakı Biznes Mərkəzində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib.
Xəritəni Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə - Azərbaycan, ingilis və erməni dillərində hazırlayıb. Xəritədə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar əks olunub. Xəritədən aydın görünür ki, Ermənistan ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini bilərəkdən əsasən Qərbi Zəngəzur bölgəsinə - Azərbaycan Respublikası ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib.

Qeyd edək ki, Azərbaycan QHT-lərinin son vaxtlar nümunəvi işləri ilə daha çox seçilməsi diqqət çəkir.

“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin mühüm mövzuya həsr olunmuş kartoqrafik əsər layihəsinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Xatırladaq ki, ötən il iyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı bu barədə deyib: “Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub… İndi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır”.

Dövlətimizin başçısı müşavirədə Azərbaycan vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyətini təqdir etmiş, Ermənistanı bu təhlükəli praktikadan əl çəkməyə çağıraraq bildirmişdi: “Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçuçayına töküləcəksə, bu, bizim məsələmizdir. Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıyıq” ( https://president.az/az/articles/view/60429 ).

Bakı Biznes Mərkəzinə toplaşmış QHT-lər Ermənistanın dağ-mədən sənayesi müəssisələrində ekoloji monitorinqlərin aparılmasını vacib sayıblar.

“Environmental Protection First” Koalisiyası bəyan edib ki, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər aparmağa hazırdır.

Qeyd edək ki, xəritənin müəllifi kartoqrafiya sahəsində 43 illik iş təcrübəsinə malik mühəndis-kartoqraf, Bakı Kartoqrafiya Fabrikinin sabiq direktoru, “Azərbaycan Respublikasının Milli Atlası”nı, "Cənubi Qafqaz. 1903-cü il", “Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” xəritələrini tərtib edən kartoqraf qruplarının rəhbəri, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovdur. O, 2020-ci ildə ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti