“Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

“Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
  16 May 2024    Oxunub:1225
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mayın 18-19-da Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarkada 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AzVision.az -a bildirilib ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. Məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.

Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün səyyar qida laboratoriyasının xidmətlərindən faydalana biləcəklər.

Yarmarkanın keçirilməsində əsas məqsəd təsərrüfat sahibləri üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli və təbii kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.

Qeyd edək ki, “Kənddən şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti