Şəkər xəstələrinin dərman təminatı niyə gecikdirilir?

   Şəkər xəstələrinin dərman təminatı niyə gecikdirilir?
  17 May 2024    Oxunub:904
Tez-tez sosial şəbəkələrdə diabet xəstələrinin dərmanla təminatda qarşılaşdığı problemlərlə bağlı şikayətlərini görürük. Onlar saatlarla, bəzən də günlərlə xəstəxana növbələrində durub müalicələri üçün lazım olan dərmanı götürməyə çalışırlar. Bu problem ölkənin əksər xəstəxanalarında yaşanır.
Belə bir nümunə bu günlərdə Binəqədi rayonu ərazisində yerləşən 9 nömrəli şəhər poliklinikasında yaşanıb. Belə ki, sözügedən poliklinikada qeydiyyatda olan şəkərli diabet xəstələri pulsuz verilən dərmanlarını ala bilmirlər.

Vətəndaşlar artıq 15 gündür, bununla bağlı poliklinikaya gəlib-getsələr də, lazımi preparatlarla təmin olunmadıqlarını iddia edirlər.

Maraqlıdır, şəkər dərmanlarının paylanması niyə gecikdirilir? Dərmanların ölkəyə gətirilməsində hansısa çətinlik var?

AzVision.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasında şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir:

“Nəzərinizə çatdırırıq ki, diabet xəstələrinə verilməli olan insulin, həblərin və özünənəzarət vasitələrinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli qərarında əks olunan normativlər əsasında hesablanır.

Beləliklə, şəkərli diabet xəstələri hər ay orta hesabla 40 vahid insulinlə təmin edilirlər. Ümumilikdə hər bir dərman preparatının təyinatı (həmçinin, şəkərsalıcı preparatlar) laboratoriya müayinələri əsasında yalnız həkim təyinatı ilə təqdim oluna bilər.

Xəstəliyin növündən və tipindən, xəstənin sağlamlıq vəziyyətinin dinamikasından asılı olaraq fərdi qaydada bəzi hallarda 20-30 vahid, bəzi hallarda 60 vahid, insulinərezistentlik olduqda isə daha çox (80-100-120 vahid) insulin miqdarına ehtiyac olur.

Dərman preparatlarının satınalması proseduru keçirilib. Tibb müəssisələrinin təqdim etdiyi tələbnaməyə uyğun olaraq cari ay üzrə dərmanların paylanılmasına qısa müddətdə başlanılacaq. Hazırda istehlakçı şirkətlə müqavilə imzalanma mərhələsindədir”.

AzVision.az



Teqlər:





Xəbər lenti