Şuşada adına küçə verilən komandirin qardaşı: "Məni girovluqdan o azad etdi"

 Şuşada adına küçə verilən komandirin qardaşı: "Məni girovluqdan o azad etdi"
  17 May 2024    Oxunub:7938
“Şuşada qardaşımın vaxtı ilə yaşadığı evi muzeyə çevirmək istəyirəm. Həmin qəhrəmanlıq muzeyində Şuşada döyüşən, şəhid olan hər bir oğula guşə ayrılacaq”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərovun qardaşı Hafiz Qəmbərov deyib. O bildirib ki, qardaşının böyüdüyü evin indi divarları qalıb.
Şuşanın güllələnmiş icra başçısının qızı AzVision-a danışdı


-Müharibə zamanı evimiz dağılıb.Yerində ancaq divarları qalıb. İndi həmin evi yenidən bərpa etmək və muzeyə çevirmək istəyirəm. Şuşanın ziyalıları, tanınmış insanları ilə birlikdə bununla bağlı prezident İlham Əliyevə müraciət etmişik.

Allah Ali Baş Komandana can sağlığı versin. Mən ona bu gün Şuşanı bizə qaytardığına görə təşəkkür edirəm.

Bu yaxınlarda Şuşada bir küçəyə qardaşımın adı verildi. Həmin küçə yaşadığımız evə qədər uzanacaq - H. Qəmbərov deyir ki, ömrünün axırına kimi qardaşının adını yaşadacaq.


- Həyatım, varlığım qardaşımla bağlıdır. O adam mənə həyatımı bağışlayıb. Bu gün onun hesabına yaşayıram. Mən döyüşərkən Xankəndidə girov götürülüb bir ay polis rəisinin otağında saxlanıldım. Ramiz ermənilərlə danışıq aparıb məni girovluqdan xilas etdi.

Məni erməni icra başçısı Ağacanyanın qardaşları ilə dəyişdilər. O zaman onun qardaşları yüksək vəzifələrdə çalışırdılar.



Həmsöhbətimizin sözlərinə görə, qardaşı müharibədən sonra evlənəcəyini deyirmiş - Ailə sahibi olmaq qisməti olmadı. Özündən sonra yadigarı qalmadı. Onun adını qardaşımın oğluna qoyduq. İndi həmin oğlanla nəfəs alırıq.



Kosalar kəndindən aşağı öküzuçan deyilən bir yerdə mühasirəyə düşüblər, Ramiz orada yaralanıb. Onu yaralı vəziyyətdə Şuşa xəstəxanasına çatdırıblar. Xəstəxanada rəhmətə gedəndə mən orada idim.



Özündən sonra bizə qalan şəkilləri, paltarları, əşyaları oldu. İnandırmağı və insanları arxasınca aparmaq bacarığı var idi. Bir sözü ilə 100 insan arxasınca getməyə hazır idi. Sözünün çəkisi var idi.



Qeyd edək ki, Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradıb və bu batalyonun başçısı olub. Qəmbərovun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub.

29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılıb və bu döyüşdə cəsur komandir ağır yaralanıb. Bir gün sonra isə şəhidlik zirvəsinə ucalıb.

Ulu öndər Heydər Əliyevin fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Şuşada dəfn edilib.



Həmçinin bax:
"38 yaşımda ilk dəfə evim olur" - Prezidentlə görüşən "Cəsur döyüşçü"

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti