Azərbaycanlı prodüserin filmi Londonda mükafat qazanıb

Azərbaycanlı prodüserin filmi    Londonda mükafat qazanıb
  17 May 2020    Oxunub:114
Gənc prodüser Vüqar Tahirovun istehsalı olan “Qaçmağa icazə verin” qısametrajlı filmi 2020-ci ildə Londonda keçirilən “Fighting Spirit Film” Beynəlxalq Kino Festivalında “Ən yaxşı xarici film” nominasiyasında baş mükafata layiq görülüb.
Bundan əlavə, film 2019-2020-ci illərdə “Canada Shorts - Canadian & international short film” festivalında “ən yaxşı beynəlxalq qısametrajlı film”, “Hollywood Just4Shorts Film and Screenplay Competition” film festivalında “ən yaxşı qısametrajlı film” və “Hollywood International Moving Pictures Film” festivalında “ən yaxşı döyüş və triller” nominasiyalarında da qalib olub, mükafatlar qazanıb.
Elmar Bayramovun rejissoru və ssenari müəllifi olduğu ekran əsəri, bütün çətinliklərə baxmayaraq maneələri dəf edən Orxan adlı fiziki məhdudiyyətli gəncdən bəhs edir. Filmdə baş rolu Tural Manafov ifa edir.
Qeyd edək ki, “Qaçmağa icazə verin” qısametrajlı filmi Los Angelesdə, Nyu Yorkda, Torontoda keçirilən beynəlxalq festivallarda da müxtəlif nominasiyalarda qalib olub.

Vüqar Tahirov haqqında

Filmin prodüseri Vüqar Tahirov Bakıda anadan olub. Gənc yaşlarından Kapoeyra döyüş sənəti ilə məşğul olan Tahirov Azərbaycanı 2009-cu ildə Portuqaliyada Keçirilən Avropa Çempionatında, 2010-cu ildə Braziliyanın Rio de Janeiro və 2011-ci ildə Londrina şəhərində keçirilən Dünya Çempionatı turnirlərində təmsil edib. Kapoeyra döyüş növündə əldə etdiyi uğurlar onu film sənayesinə yönəldir. Onun məşqçisi, sonradan kinorejissor və prodüser olan Elmar Bayramov tez-tez milli komanda üzvlərinin turnirlərdəki müntəzəm çıxışlarını lentə alardı. Gənc yaşlarında V.Tahirov, Elmar Bayramovun və digər kinorejissorların müxtəlif film çəkilişlərində fotoqraf olaraq çalışmağa başlayıb. Bu təcrübələr ona kamera operatoru və redaktor kimi özünü inkişaf etdirmək şansı verib və zamanla o bədii filmlərdə, sənədli filmlərdə, qısa və kommersiya filmlərində müxtəlif vəzifələri icra edib.

AzVision.az



Teqlər: Film   Rejissor   Festival  





Xəbər lenti