Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib: Bina boşaldılır

Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib:    Bina boşaldılır
  17 May 2024    Oxunub:926
Gəncə şəhərindəki 2 nömrəli musiqi məktəbində tədris dayandırılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib.

Uzun müddət məhkəmə çəkişməsindən sonra sinif otaqlarının boşaldılması haqqında qətnamə qəbul edilib və hazırda icra olunur.

Bu, tədris ilinin yekunu ilə bağlı imtahanlara hazırlaşan şagird və müəllim heyətinin narazılığına səbəb olub.

Məlumata görə, məktəb binasına bitişik ərazi Məmmədova Yaqut Tofiq qızı tərəfindən alınıb və iddia əsasında məktəb binasının boşaldılması barədə qərar verilib. Otaqlardan çıxarılan invertar məktəbin əsas binasına toplanıb, lakin daha sonra iddiaçının nümayəndəsi əsas binanın da onlara məxsus olduğunu və buranı da boşaltmağı tələb edib.

Musiqi məktəbində yaranmış vəziyyət valideynləri də narahat edib. Onlar məktəbin fəaliyyətini dayandırmasını və ya başqa yerə köçürülməsini istəmirlər.

Məsələyə münasibət bildirən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov deyib ki, məktəbin bir hissəsinin icarə haqqı ödənilməsi şərti ilə cari tədris ilinin sonunadək istifadə olunmasını təklif etsələr də, qarşı tərəf təklifi qəbul etməyib. Ona görə də məhkəmənin qərarının icra etmək məcburiyyəti yaranıb.

İdarə rəisinin sözlərinə görə, qısa müddətdə məktəbin balansında olan musiqi alətləri və digər əşyalar yaxınlıqda olan başqa bir binaya köçürüləcək: “Məktəbin fəaliyyətinin dayandırması məsələsi ümumiyyətlə, gündəmdə deyil".

Məktəbin binası ötən əsrin əvvəllərində tikilib. Musiqi məktəbi həmin binada 50-ci illərdən fəaliyyət göstərir. Köhnə sənədlərə əsasən, musiqi məktəbinin binasına bitişik tikilinin də mədəniyyət şöbəsinin balansına verilməsi qərara alınsa da, qərar təsdiqini tapmayıb.

AzVision.az


Teqlər: musiqi-məktəbi   özəlləşdirmə   məhkəmə  





Xəbər lenti