Şəki Xan sarayı bərpa olunacaq

   Şəki Xan sarayı bərpa olunacaq
  18 May 2024    Oxunub:653
Şəki Xan sarayının bərpa edilməsi ilə bağlı işlərə başlanılıb.
Bunu Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib. 2700 ildən çox yaşı olan Şəki Azərbaycanın qədim şəhərlərindən olmaqla yanaşı, tarixi abidələri, sənətkarlığı, mətbəxi ilə də dünyada seçilir. Bu şəhərin hər küçəsində, hər məhəlləsində bir tarix yatır desək, yanılmarıq. Qeyd edək ki, təkcə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində 83 memarlıq abidəsi mühafizə olunur. Onlardan biri də turistlərin də böyük diqqət göstərdiyi Şəki Xan sarayıdır.



“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində bir neçə tarixi abidə var. Lakin onların sırasında Xan sarayı bütün xüsusiyyət və parametrlərinə görə fərqlənir. Bu abidə Dünya memarlıq abidəsi statusuna malikdir. O cümlədən dünya turizm marşrut və kataloqlarında ön sırada dayanır. Qeyd edək ki, bu tarixi abidə 2000-ci illərdə restavrasiya olunub və ötən dövrdə heç bir iş görülməyib. Ona görə də mütəxəssislər bildirirlər ki, tarixi abidənin yenidən bərpa və restavrasiyaya ehtiyacı var.



Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, 25 ilə yaxın müddətdə bu tarixi abidədə heç bir bərpa işi aparılmadığından istər-istəməz aşınma və dəyişikliklər baş verir: “Biz Xan sarayının bərpa edilməsi ilə bağlı ümumi işlərə başlamışıq. Bundan öncəki bərpa işləri zamanı istifadə olunan sənədlər, yerli və xarici ekspertlər prosesə cəlb olunub. Ekspertlərin iştirakı ilə biz növbəti mərhələdə Xan sarayını hansı formada bərpa edəcəyimiz barədə yekun fikrə gəlmək istəyirik”.



Murad Ağabəyli onu da əlavə edir ki, ötən ilə nisbətən bu il turistlərin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna, xüsusən Xan sarayına turist səfərində 44 faiz artım müşahidə olunur. Müsahibimiz onu da diqqətə çatdırdı ki, yaxın vaxtlarda Qoruq ərazisində bərpa işləri aparılan bir neçə tarixi abidədə işlər tamamlanacaq və onlar da hazır olacaq.(AzərTac)



AzVision.az



Teqlər:





Xəbər lenti