İran prezidentinin ofisi: "Helikopter 30 saniyəyə itdi"

   İran prezidentinin ofisi:   "Helikopter 30 saniyəyə itdi"
  22 May 2024    Oxunub:1647
İran Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn İsmaili prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması ilə bağlı yeni təfərrüatları açıqlayıb.
O bildirib ki, həmin gün prezidenti müşayiət edən digər iki helikopterdən birində olub. İsmaili uçuş zamanı hava şəraitinin əlverişli olduğunu və səmanın yalnız bir hissəsinin buludla örtüldüyünü deyib.

- Uçuşdan yarım saat sonra “Süngün” mis mədəninin yaxınlığında bulud var idi, amma duman deyildi. Ola bilsin, dərənin dərinliyində duman olub, amma bizim uçuş yolumuzda yox idi. Buludlar helikopterdən bir qədər yüksək idi. Prezidentin olduğu helikopterin pilotu komandir kimi bizə hündürlüyə qalxmağı və buludların üzərindən uçmaq göstərişi verdi,- deyən İsmaili bildirib ki, helikopterlər hündürlüyü artırıblar və təxminən 30 saniyədən sonra pilot prezidentin helikopterinin itdiyini anlayıb.
İbrahim rəisi və heyəti həlak olub


- Nəhayət buludlar təmizləndi və biz "Süngün" mis mədənini gördük. Pilotumuz helikopteri axtarmaq üçün geri döndü. Mənə dedilər ki, helikopter qəzaya uğraya bilər, çünki dəqiqə yarım əlaqəmiz olmadı. Helikopterimiz bir neçə dəfə dövrə vurdu və radio ilə əlaqə qura bilmədi. Biz 30 saniyədən sonra "Süngün" mədəninə endik.

Helikopter sərnişinləri ilə əlaqə saxlamağa çalışsaq da, heç kim cavab vermədi. Daha sonra bizə bildirdilər ki, kapitan Mustafavinin mobil telefonuna zəng edilib. Bu zəngə Təbriz şəhərinin cümə imamı Məhəmmədəli Əl-Haşimi cavab verib və bildirib ki, kapitan dərəyə yıxılıb, ancaq o, nə baş verdiyini açıqlamayıb.

Sonra cənab Əl-Haşimi ilə əlaqə saxladığım zaman o dedi: “Özümü yaxşı hiss etmirəm, nə baş verdiyini, harada olduğumu bilmirəm, ağacların altındayam. Mən heç kimi görmürəm, təkəm".

İmam meşəni təsvir etdi. Bizə aydın oldu ki, helikopter qəzaya uğrayıb. Təcili yardım və tibb işçilərini götürüb hadisə yerinə getdik, - İsmailinin sözlərinə görə, Əl Haşimi ilə bir neçə dəfə danışılıb, o, üç saat ərzində zənglərə cavab verib.

-Sonra məlum oldu ki, hamı bir anda ölüb, bir neçə saat sonra isə cənab imam dünyasını dəyişib. Nə partlayış səsi, nə yanğın, nə də tüstü görünürdü.

Saat 3- 3:30 radələrində hava tamamilə dəyişdi. Xilasedicilər artıq hadisə yerinə çatmışdılar.

Helikopter uçuşu üçün hansı hava şəraitinin uyğun olması ilə bağlı bir söz deyə bilmərəm, yalnız onu vurğulaya bilərəm ki, bizim uçuş zamanı hava şəraiti normal idi.

Biz buludu ancaq bir dərədə və çox məhdud ərazidə gördük. Onun uçuşun qarşısını alan amil olub-olmadığını deyə bilmərəm.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərin göyərtəsində olduğu helikopter mayın 19-da ölkə ərazisində qəzaya düşüb. Qəza nəticəsində helikopterdəkilərin hamısı həlak olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti