Üç ölkə Fələstin dövlətini tanıdı - YENİLƏNİB

 Üç ölkə Fələstin dövlətini tanıdı -  YENİLƏNİB
  22 May 2024    Oxunub:1433
Norveç Krallığından sonra İrlandiya və İspaniya da Fələstin dövlətini tanımaq barədə qərar qəbul ediblər.
İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, mayın 28-də ölkənin Nazirlər Şurasında Fələstin dövlətinin tanınması təsdiq ediləcək.

İrlandiyanın Baş naziri Saymon Harris isə mətbuat konfransında vurğulayıb ki, bu gün İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıdıqlarını elan ediblər: “İndi hər birimiz bu qərarın reallaşması üçün bütün zəruri addımları atacayıq”.


***

Norveç Krallığı rəsmi olaraq Fələstini dövlət kimi tanıyıb.

Bu barədə Norveç hökumətinin saytında dərc edilmiş məlumatda deyilir. Qərar mayın 28-də qüvvəyə minəcək. Norveç Krallığının Baş naziri Jonas Gahr Store bildirib:

"Norveç hökuməti Fələstini dövlət kimi tanımaq barədə qərar qəbul edib. On minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativi qoruyub saxlamalıyıq: sülh və təhlükəsizlik şəraitində yan-yana yaşayan iki dövlət".

Bundan sonra İsrail Norveçdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, ölkəsi onun suverenliyinə xələl gətirən və təhlükəsizliyini təhlükə altına alanlar qarşısında səssiz qalmayacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti