"Kişilərin uğurlarının sahibi olaraq özümüzlə fəxr etməliyik" - Şəhriyar Məmmədyarovun bacısı
AzVision.az sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanan bu fikrə şahmatçımızın bacısı, Azərbaycan qadın şahmat millisinin üzvü Zeynəb Məmmədyarovanın münasibətini öyrənib.
- Zeynəb xanım, Şəhriyar bəyin fikirləri ilə razısınızmı?
- Qardaşım sözünü sərt formada deyib, amma fikri düzdür. Düz söz acı olar. Bu dünyada həqiqətlər var və onları qəbul etmək lazımdır. Uğurlu qadınlarımız bütün sahələrdə var. Sadəcə olaraq kişilərlə müqayisədə sayları çox azdır. Tarix boyu şahmatda da güclü qadınlar olub, kişilərə qalib gəliblər. Amma bütün kişilərə qalib gələn qadın olmayıb. Kişilər isə hamıya qalib gəliblər. Bu faktdır!.
Macarıstanlı şahmatçı Judit Polqar kişilərlə mübarizə aparıb və onluğa girib. Ancaq birinci, ikinci və ya beşinci olmayıb. Bu baxımdan qardaşım haqlıdır. Şəhriyarın fikrini bəyənməyənlər bunu bilmirlər.
Mən Şahmat Federasiyasında Qadın və sosial komissiyanın rəhbəriyəm. Bu gün evə gecə 2-də gəlmişəm. Saatlıda qızlar üçün şahmat tədbiri keçirirdim. Bütün tədbirlərimi balaca qızlara həsr edirəm. Niyə qızları önə çəkirəm? Çünki qızlarımız güclü olsun istəyirəm. Onlar ana olanda övladlarını da güclü böyütsünlər. Aciz ananın övladı da aciz olar.
- Şəhriyar bəy də müsahibəsində bildirdi ki, şahmata başlayanda çox uğurlu olmusunuz. Ancaq sonra geriləmisiniz. Sizə nə mane oldu?
-Mən 22 yaşımda ailə qurmuşam. O vaxta qədər karyeramda həddindən artıq yüksək nəticələr olub. Kişilər arasında qrosmeyster normasını yığan qadınam.
Karyeramın ən pik mərhələsində ailə qurdum və nəticələr zəiflədi. Baxmayaraq ki, mən 10 il qadınlar arasında milli komandanın kapitanı oldum, o postu saxladım, amma daha yüksəyə qalxa bilmədim. Övladım doğulduqdan sonra hiss etdim ki, uduzanda artıq kövrəlmirəm. Şokda idim. Oyun qurtarandan sonra zəng edib övladımın səsini eşitdim. Bu, mənə böyük stimul verirdi.
-Belə çıxır ki, ailə, məişət qadınları geri çəkir?
- Kişilər hədəflədikləri işə bütün güclərini verə bilirlər. Qadının isə fikrini kiçik bir şey belə dağıdır. Qardaşım yarışda olanda həyat yoldaşı ona heç bir mənfi informasiya vermir. Çalışır ki, fikri yayınmasın. Amma mən bilsəm ki, uşağım evdə xəstələnib, bütün fikrim onun yanında qalacaq. Onun xanımı isə çalışır ki, yarış vaxtı fikrini dağıdacaq heç bir məlumat ötürməsin.
-Deməli, bu acı reallıqdır…
-Bu reallıq elə də dəhşətli deyil. İrəlidə olan kişilər də bizim balalarımızdır da. Dünyanı kişilər idarə edir. Amma o kişləri bu yerə gətirib çıxaran qadınlar var. Biz bununla fəxr etməliyik. Ən böyük uğurlara sahib olan kişiləri böyüdən qadınlardır. Kişilərlə rəqabət aparmaq yox, onların qazandığı uğurların sahibi olaraq özümüzlə fəxr etməliyik.
Mən qadınların tərəfində olan xanımam. Onlar güclü olarsa, cəmiyyətimiz də güclü olar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: