MEDİA onlayn media subyektləri üçün müsabiqə elan edib

MEDİA onlayn media subyektləri üçün müsabiqə elan edib
  24 May 2024    Oxunub:858
Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektləri üçün “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə elan edib.
Bu barədə AzVision.az -a MEDİA-dan məlumat verilib. Bildirilib ki, bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, o cümlədən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə təşkil edilməsi ilə əlaqədar müvafiq istiqamətlərlə bağlı məlumatların həm ölkədaxili, həm də ölkəxarici auditoriyaya düzgün və effektiv ötürülməsində, ictimai və sosial maarifləndirmə, eləcə də təbliğat və təşviqat məsələlərində medianın peşəkar fəaliyyəti əhəmiyyətli rola malikdir.

Qeyd edilib ki, MEDİA yerli onlayn media subyektlərinin fəaliyyətində dayanıqlı təcrübələrin tətbiqinin təşviqi, veb-sayt və sosial media səhifələri üzərindən aparılan kampaniyaların, müvafiq istiqamətdə həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin medianın göstərilən istiqamətlərdə aktivliyinin artırılması məqsədilə müsabiqə elan edib.

Müsabiqədə müəyyən edilmiş istiqamətlər üzrə yüksək nəticə göstərən onlayn media subyektləri Azərbaycan Milli Mətbuatının 149-cu ildönümü ərəfəsində “Green certificate” ilə təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək üçün onlayn media subyektləri tərəfindən müvafiq məlumatların əks olunduğu müraciət forması doldurularaq [email protected] elektron poçt ünvanı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqəyə müraciət qəbulu 10 iyul 2024-cü il saat 18:00-dək davam edəcəkdir.

AzVision.az



Teqlər:





Xəbər lenti