Gürcüstan türkmən qazının Türkiyəyə tranzitinə yardım etməyə hazırdır

   Gürcüstan türkmən qazının Türkiyəyə tranzitinə yardım etməyə hazırdır
  25 May 2024    Oxunub:799
Gürcüstan türkmən qazının öz ərazisindən Türkiyəyə nəqli ilə bağlı yeni layihələri dəstəkləyir və bu layihələrdə yardım göstərməyə hazırdır.
Bu barədə Gürcüstanın Aşqabaddakı səfiri Konstantin Sabiaşvili ölkəsinin dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr olunmuş məqaləsində yazıb. Onun sözlərinə görə, enerji sektorunda etibarlı tərəfdaş olan Türkmənistanın Gürcüstanla mövcud əlaqələri yeni istiqamətlərdə inkişaf edəcək.

“Gürcüstan tərəfi türkmən qazının ölkə ərazisindən Türkiyəyə və Cənub Qaz Dəhlizinin boru kəmərləri, o cümlədən “yaşıl” enerji ilə daha da qərbə nəqli üzrə yeni layihələri dəstəkləyir və fəal kömək göstərməyə hazır olduğunu bildirir”. Sabiaşvili qeyd edib ki, Gürcüstan etibarlı tranzit tərəfdaşı olmaqla nəqliyyat layihələrinin həyata keçirilməsinə və inkişafına bundan sonra da öz töhfəsini verəcək.

Onların arasında o, Bakı-Tbilisi-Qars dəmir yolunu, Qara dəniz - Xəzər dənizi nəqliyyat marşrutunu, Lapis Lazuli nəqliyyat marşrutunu, Yaşıl Limanlar layihəsini qeyd edib.

“Əminik ki, bu strateji layihələrin həyata keçirilməsi Xəzər və Qara dənizlər vasitəsilə Asiyadan Avropaya yüklərin daşınmasının səmərəliliyini artıracaq, bununla da ticarət-iqtisadi əlaqələri genişləndirəcək və regionlararası əlaqələrin inkişafına təkan verəcək”.

O əlavə edib ki, Gürcüstan hökuməti infrastruktur layihələrinə mühüm investisiyalar qoyur, nəqliyyat və tranzit, eləcə də enerji dəhlizlərinin inkişafına və yük dövriyyəsinin artırılmasına diqqət yetirir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti