Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR - YENİLƏNİB

 Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib -  FOTOLAR -  YENİLƏNİB
  25 May 2024    Oxunub:1314
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Səfir Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı.



Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Prezident Volodimir Zelenski ilə bir neçə gün əvvəl telefon danışığını xatırladaraq, bu müstəvidə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulduğunu diqqətə çatdırdı.



Söhbət zamanı ölkələrimizin müstəqilliklərinin bərpasından bəri Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığı və ölkələrimiz arasında ikitərəfli əsasda yaxşı əlaqələrin olduğu qeyd edildi, həmçinin dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulandı. Səfir Ukraynaya göstərilən humanitar dəstəyə, xüsusilə Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirdi.



Yuri Qusev ötən gün Azərbaycanın Laçın şəhərinə səfər etdiyini və burada görülən bərpa-quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, İrpen və Laçın şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması məsələsini qeyd etdi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Luka Di Canfrançesko İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin xüsusi xarakter daşıdığı və strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi vurğulandı.

Səfir əlaqələrimizin bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində uğurla inkişaf etdiyini deyərək, İtaliya universitetlərinin Azərbaycanda açılması istiqamətində aparılan işləri məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev İtaliyanın Azərbaycanın Avropa İttifaqına üzv ölkələr arasında əsas ticarət tərəfdaşı olduğunu vurğuladı.

Görüşdə ölkələrimiz arasında siyasi və humanitar əlaqələrin, iqtisadi və təhsil sahəsindəki əməkdaşlığın dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olundu. Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsindən başlandığı, sonra müxtəlif sahələri, o cümlədən mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat və digər sahələri əhatə etdiyi bildirildi.

Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində dost və tərəfdaş ölkə olan İtaliyanın şirkətlərinin yaxından iştirakı məmnunluqla vurğulandı.

Görüşdə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Azərbaycan-Avropa İttifaqı əlaqələri və Avropa İttifaqına üzv ölkə olaraq İtaliyanın bu prosesdə Azərbaycana dəstəyi məsələsi də qeyd edildi.








AzVision.az


Teqlər:





Xəbər lenti