Azərbaycanın ilk Marketinq Zirvəsi təşkil olunub

Azərbaycanın ilk Marketinq Zirvəsi təşkil olunub
  26 May 2024    Oxunub:510
Mayın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycanda ixracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, İnnovasiyalar Mərkəzi, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin (AEGEE) rəsmi tərəfdaşlığı, Thinkers.az və DigitalHero-nun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Azərbaycan Marketinq Zirvəsi təşkil olunub.
AzVision.az xəbər verir ki, zirvənin keçirilməsində məqsəd Azərbaycanın hər yerindən və Qafqaz regionundan marketinq mütəxəssisləri və sənaye ekspertlərini, o cümlədən düşüncə liderlərini bir araya gətirmək, yaranan tendensiyaları müzakirə etmək və iştirakçıların bu sahəyə məxsus peşəkar mütəxəssislərin təcrübələri və zamanla sınaqdan keçirilmiş ənənəvi strategiyaları ilə tanış olmalarına şərait yaratmaqdır.

Rəqəmsallaşan dünyanı ənənəvi marketinqdə birləşdirən zirvədə dövlət qurumlarının rəsmiləri, marketinq sahəsi üzrə yerli və beynəlxalq ekspertlər, çoxsaylı şirkət nümayəndələri və digər qonaqlar iştirak edirlər.

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli agentliyin fəaliyyəti barədə məlumat verib, qurumun müsbət imicinin yaradılmasında bir çox marketinq fəaliyyətlərinin həyata keçirildiyini bildirib. Sədr qeyd edib ki, artan rəqabət şəraitində marketinq fəaliyyəti özəl və dövlət müəssisələri üçün danılmaz faktdır. M. Abbasbəyli Azərbaycanın müxtəlif sektorlarında fəaliyyət göstərən marketoloqların və bu sahəyə marağı olan şəxslərin eyni məkanda toplanmasının marketinqin inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Daha sonra panel müzakirələrinə başlanılıb.

“Keçmiş təcrübələrimizə arxalanaq” adlı ilk paneldə “MarLab” MMCnin təsisçisi və direktoru Əli Bədəlov “Strategiyasız marketinq”, “A+CO” şirkətinin marketinq direktoru Müşviq Azəryar “Yerli bazarda sıfırdan marka qurmaq”, “Qarabağ Futbol Klubu”nun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Qarabağ” FK: Mübarizədə medianın rolu”, “Azərsun Holdinq”in marketinq direktoru Derya Cantutan Ata “Məqsədli brendlər” mövzularında çıxışlar ediblər.

Həmçinin növbəti panellərdə “Yeniliklər tətbiq edərək inkişaf edək” və “Rəqəmsallaşan dünya ilə ayaqlaşaq” mövzularında müzakirələr aparılıb. Diskusiyalarda ekspertlərin çıxışları ilə yanaşı, iştirakçıların sualları da cavablandırılıb.

Qeyd edək ki, tədbirin sonunda loto uduşların təşkili və qalib şəxslərə hədiyyələrin təqdim olunması nəzərdə tutulub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti