"Dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib"

   "Dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib"
  27 May 2024    Oxunub:1097
“Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması, onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

O bildirib ki, qanun layihəsinə dair izahatda 2024-cü il ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin icrasının dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin əlavə daxilolmaları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib.

Onun sözlərinə görə, ilkin proqnozlarda 2024-cü ildə qlobal iqtisadi artımın təxminən 2,1% - 2,9% ətrafında olacağı gözlənilsə də, cari ildə dərc edilmiş hesabatlara əsasən, bu göstəricinin təxminən 2,4% - 3,2% ətrafında olacağı proqnozlaşdırılıb.

"Cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 38.2 mlrd. manat olub, iqtisadi artım tempi 4,3% təşkil edib. Artım tamamilə qeyri neft-qaz sektoru hesabına təmin edilib, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda (14.2 mlrd) istehsal olunmuş əlavə dəyər 0,1% azalıb, qeyri neft-qaz sektorunda (24.2 mlrd) isə 7,7% artıb. Neft-qaz sektorunun azalması isə qaz hasilatının artımı fonunda neft hasilatının 5,7% azalması ilə izah olunur. 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı ÜDM-in 121,3 mlrd. (118.3 mlrd) manatadək artırılması (3 mlrd) nəzərdə tutulur. ÜDM-in nominal məbləğində nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri neft-qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda 3,0 mlrd. manatın 0,6 mlrd. manatının qeyri neft-qaz, 2,4 mlrd. manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Neft-qaz sektoru üzrə artım əsasən neftin qiymətinin yenidən baxılan büdcə zərfi 15,0 ABŞ dolları çox olmaqla, 75,0 ABŞ dolları hesablanması ilə əlaqəlidir".

AzVision.az


Teqlər:





Xəbər lenti