Prezidentdən kiçik ada dövlətləri ilə bağlı müraciət

   Prezidentdən kiçik ada dövlətləri ilə bağlı müraciət
  27 May 2024    Oxunub:1556
Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
AzVision.az müraciəti diqqətə çatdırır:

"Xanımlar və cənablar,

Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib.

Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə Hərəkatın gündəliyini irəli aparmaq üçün səylərimizi əsirgəmədik. Qoşulmama Hərəkatının institusional inkişafına, Hərəkatın birliyinin möhkəmləndirilməsinə və nüfuzunun artırılmasına xüsusi diqqət yetirildi.

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib.

Pandemiya zamanı Azərbaycan həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın inkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.

Keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan etdim. Bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün inkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət etdim. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub.

Xanımlar və cənablar,

Azərbaycan bu il COP29-a ev sahibliyi etmək şərəfinə nail olub. Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı namizədliyinin yekdilliklə dəstəklənməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və etimadını əks etdirir.

İqlim dəyişikliyi bütün qitələrdəki hər bir ölkəyə təsir edir. İqlim dəyişikliyinin Azərbaycana da mənfi təsiri vardır. Çaylarımızın suyu azalır, Xəzər dənizinin səviyyəsi aşağı düşür.

Bununla belə, inkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır. İqlim dəyişikliyinə heç bir təsiri olmayan bu ölkələr onun ən pis fəsadlarına məruz qalır, hətta ekzistensial təhlükə ilə üzləşirlər. İqlim dəyişikliyi onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olur.

COP29-a sədrliyimiz zamanı iqlim dəyişikliyinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlərimiz arasında olacaq. Bakıda keçiriləcək COP zamanı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik.

COP29 zamanı bütün ölkələri İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına və prioritetlərinə cavab verən razılaşma əldə etmək üçün maksimum səy göstərməyə çağırıram.

Azərbaycan öz növbəsində artıq bir sıra inkişaf etməkdə olan kiçik ada dövlətində qasırğaların, zəlzələlərin, daşqınların və digər təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılmasına öz dəstəyini göstərməkdədir. Bu ölkələrə yardım etmək üçün əməli addımlar atmağa davam edəcəyik. Azərbaycan 33 inkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq.

Həmçinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanlarını genişləndirəcəyik. İndiyədək 10-dan çox İikişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb.

Azərbaycan həmçinin COP29-da inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək.

Xanımlar və cənablar,

Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır.

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da inkişaf etməkdə olan kiçik ada dövlətlərinin dövlət və hökumət başçılarının dəyərli iştirakını arzulayır və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə 4-cü Beynəlxalq Konfransa uğurlar arzulayıram.

Sağ olun".

AzVision.az


Teqlər: Prezident   konfrans   müraciət  





Xəbər lenti