Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Mərasimdə çıxış edən səfir Tural Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi və o dövrdə qəbul olunan demokratik qanunlar, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra qarşılaşdığımız böhran vəziyyəti və bundan sonra dövlətimizin əldə etdiyi nailiyyətlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri, Ermənistanın otuz ilə yaxın davam edən işğalı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük müharibə nəticəsində qazanılan Zəfər, ölkəmizin iqtisadi inkişafı və aparılan demokratik islahatlar, azad olunmuş və ermənilər tərəfindən dağıdılmış halda olan ərazilərimizdə tikinti-bərpa və quruculuq işləri, sürətlə inkişaf edən Azərbaycan-Əlcəzair münasibətləri barədə qonaqlara ətraflı məlumat verib.
Tədbir iştirakçılarına Azərbaycan Respublikasının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilən qadın ipək baş örtüyü kəlağayının, milli musiqi alətləri, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq nümunələri və milli geyimlərin sərgisinin təqdimatından sonra milli rəqs qrupu çıxış edib.
Tədbirdə, həmçinin bir müddət Əlcəzairdə yazıb-yaratmış Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin, habelə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun əsərləri səsləndirilib. 28 May - Müstəqillik Gününə həsr edilən tədbir Əlcəzair mediasında geniş işıqlandırılıb.
AzVision.az
Teqlər: