ABŞ Rəisinin xatirəsinə keçirilən mərasimi boykot edir

   ABŞ Rəisinin xatirəsinə keçirilən mərasimi  boykot edir
  30 May 2024    Oxunub:651
Birləşmiş Ştatlar BMT Baş Assambleyasında İranın həlak olmuş prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunan mərasimdə iştirak etməyəcək. Bu barədə "Reuters"ə mənbə bildirib. Tədbirin boykot edilməsi rəsmi olaraq elan olunmayıb.
"Biz heç bir şəkildə tədbirdə iştirak etməyəcəyik. BMT İran xalqının tərəfində olmalı, onlara zülm edənlərin xatirəsini onilliklər boyu yaşatmamalıdır”,- mənbə "Reuters"ə deyib.

Agentliyin həmsöhbəti mərhum İbrahim Rəisini insan hüquqlarının pozulmasında, o cümlədən 1988-ci ildə minlərlə siyasi məhbusun məhkəməsiz edam edilməsində ittiham edib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin nümayəndələri mayın 20-də keçirilən iclasda İranın həlak olan prezidentinin xatirəsini ehtiramla yad ediblər. "Reuters" yazır ki, ABŞ-nin daimi nümayəndəsinin müavini Robert Vud 14 həmkarı ilə birgə könülsüz ayağa qalxıb.

ABŞ İran prezidentinin vəfatı ilə bağlı rəsmi başsağlığı verib. Bununla belə, Ağ Evin sözçüsü Con Kirbi brifinqdə İbrahim Rəisi haqqında “əlində çox adamın qanı var" fikrini səsləndirib.

Bəzi respublikaçılar başsağlığı verdiyi üçün Co Bayden administrasiyasını tənqid ediblər.

Mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. Helikopterdə prezidentlə yanaşı, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian da daxil olmaqla, rəsmi şəxslərdən ibarət nümayəndə heyəti olub. Onların hamısı həlak olub. Qəzanın baş verməsinin əsas səbəbi hava şəraitinin pis olması göstərilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti