Bakı qlobal startap ekosistemi reytinqində 68 pillə irəliləyib

Bakı qlobal startap ekosistemi reytinqində 68 pillə irəliləyib
  30 May 2024    Oxunub:784
30 may 2024-cü il tarixində dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan “StartupBlink” təşkilatı tərəfindən “Qlobal startap ekosistemi indeksi”nin 2024-cü il üzrə hesabatının təqdimat konfransı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən ölkəmizdə özəl sektora dəstək, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəindən bu istiqamətdə həyata keçirilən tədbirlər, hədəflər və yeniliklər diqqətə çatdırılıb.

Hesabatda dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə və 1000 şəhər seçilib. Ötən illə müqayisədə Azərbaycan reytinqdə 4 pillə irəliləyərək top 80-liyə daxil olub. Bakı isə şəhərlərarası reytinqdə 68 pillə irəliləyərək ən yüksək nəticə göstərmiş 350 şəhərdən biri olub.

Reytinq hesablanarkən şəhərlərdə innovasiya mərkəzlərinin, investorların, qeydə alınmış startapların və akselerasiya proqramlarının sayı, o cümlədən startaplar üçün yaradılmış infrastruktur və onlardan istifadə, güzəşt mexanizmləri, universitetlərdə innovasiya tədbirləri, startap bazar həcmi, tədqiqat və araşdırma işləri kimi meyarlar nəzərə alınır.

Xatırladaq ki, Dövlət Agentliyi 2022-ci ildən etibarən "StartupBlink" təşkilatının ölkə üzrə əsas partnyorudur.

Ölkəmizin beynəlxalq reytinqlərdə daha da irəliləməsi üçün yerli innovasiya ekosisteminə dair yeniliklər, reallaşan layihələr və dəstək tədbirləri ilə bağlı məlumatların beynəlxalq arenada paylaşılması istiqamətində işlər davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti