Aİ Rusiya qarşı növbəti sanksiyaya hazırlaşır - Vaxt açıqlandı

   Aİ Rusiya qarşı növbəti sanksiyaya hazırlaşır -    Vaxt açıqlandı
  31 May 2024    Oxunub:1343
Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sallivan bildirib ki, Rusiyaya qarşı 14-cü məhdudiyyətlər paketi iyunun ortalarına qədər qəbul ediləcək.
“Mən tam əminəm ki, bu, iyunda razılaşdırılacaq. Daha dəqiq desək, iyunun ortalarına qədər baş tutacaq",- o, "RBC-Ukrayna"ya müsahibəsində deyib.

Xüsusi nümayəndə əlavə edib ki, paketin bir hissəsi kimi həm enerji, həm də dənizçilik sektorunda məhdudlaşdırıcı tədbirlər müzakirə olunur. Buraya “kölgə donanması” probleminin həlli üçün tədbirlər də daxil ola bilər, lakin bu təklif hələ təsdiqlənməyib və yekdilliklə təsdiq tələb olunacaq.

O'Sallivanın sözlərinə görə, Aİ ölkələri Rusiyanın raketlərində istifadə etdiyi Qərb istehsalı olan mikroelektronikanın qanunsuz ticarəti ilə mübarizə aparmaq niyyətindədir. O, söhbətin xarici iqtisadi fəaliyyətin məhsul çeşidində 50-yə yaxın addan getdiyini deyib.

“Məqsədimiz bu prosesi daha çətin, yavaş və daha bahalı etməkdir. Beləliklə, mövcud dövretmə kanallarını bloklamaqla biz Rusiyanı daim yenilərini yaratmağa məcbur edirik. Hər şeyi çətinləşdiririk, ona görə də tədarük zənciri gözlənilməz və etibarsız olur”.

Xüsusi nümayəndə bildirib ki, o, Mərkəzi Asiya, Qafqaz, Cənub-Şərqi Asiya ölkələrinə səfərlər edir və onları inandırmağa çalışır ki, ərazilərində bu cür ticarətin aparılmasına imkan verməsinlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti