İmtahan nəticələri nə vaxt elan olunacaq?
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 149 imtahan binası, 2657 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi imtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467 buraxılış rejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
İmtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanların funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/ejurnal/ ).
İyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
AzVision.az
Teqlər: