Şamaxıda Hava Şarları Festivalı baş tutacaq

   Şamaxıda Hava Şarları Festivalı baş tutacaq
  03 İyun 2024    Oxunub:832
Həftə sonunda Şamaxıda növbəti dəfə Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək.
AzVision.az xəbər verir ki, Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunacaq Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

İyunun 8-i və 9-da səhər saatlarında (saat 05:00-08:00 aralığında) baş tutacaq uçuşlar zamanı Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəng, forma və dizaynda hava şarları qalxacaq. Bu mənzərə izləyicilərə unudulmaz təəssüratlar vəd edir.

Hava şarlarında turistik uçuşlar hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirəcəyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olacaq.

Tədbirdə iştirak edən şəxslər həmçinin Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını da izləyə biləcək.

Xatırladaq ki, Şamaxıda ilk hava Şarları Festivalı ötən ilin iyun ayında keçirilib. Festival ilk dəfədən böyük marağa səbəb olub.

AzVision.az


Teqlər: Şamaxı   festival  





Xəbər lenti