Parlament baş katiblərinin birinci görüşü keçirilib

Parlament baş katiblərinin birinci görüşü keçirilib
  06 İyun 2024    Oxunub:379
Bakıda TÜRKPA-nın 13-cü Plenar iclası çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev TÜRKPA-nın Bakıda keçirilən 13-cü Plenar İclasının yeni reallıqların yaratdığı tarixi bir dövrə təsadüf etdiyini deyib.

Milli Məclisin Aparat rəhbəri qeyd edib ki, bu gün TÜRKPA həm üzv və tərəfdaş dövlətlər, həm də onların hüdudlarından kənarda böyük nüfuza malikdir. Təşkilat dünyanın ən mötəbər beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq çərçivəsində qlobal parlament dialoqunu təşviq edir, parlament diplomatiyasının inkişafında mühüm rol oynayır. TÜRKPA nəinki türk dünyasında, həm də müasir beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaqdadır.

Fərid Hacıyev 13-cü plenar iclasın əsas mövzusundan bəhs edərək yaşıl gündəliyin həyata keçirilməsində parlament diplomatiyasının və əməkdaşlığının imkanlarından daha fəal istifadə edilməsinin əhəmiyyətindən danışıb. Görüşdə “TÜRKPA çərçivəsində parlamentlərin Aparat rəhbərləri arasında əməkdaşlığın perspektivləri” mövzusunda müzakirə aparılıb.

Mövzu ilə bağlı çıxış edən Qazaxıstan Respublikası Parlamenti Məclisinin Aparat rəhbəri Renat Aytayev, Qırğızıstan Respublikası Joqorku Keneşinin Aparat rəhbəri Alaybek Alimbayev, Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun və tədbirə videokonfrans formatında qatılan Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayev parlamentlərarası təcrübə mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, bu istiqamətdə məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi, eyni zamanda, mətbuat xidmətlərinin birgə fəaliyyəti olduqca vacibdir.

Görüş tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi ilə davam etdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti