Sumqayıt Tibb Mərkəzinə media-tur təşkil olunub

Sumqayıt Tibb Mərkəzinə media-tur təşkil olunub
  07 İyun 2024    Oxunub:664
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Sumqayıt Tibb Mərkəzinə (Mərkəz) media-tur təşkil olunub.
AzVision.az-ın məlumatına görə, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov media-tur zamanı bildirib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir:

“Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi sahəsində addımlar atılır. 2023-cü il ərzində Mərkəz tərəfindən vətəndaşlara 4 milyon 600 minə yaxın xidmət göstərilib. 2024-cü ilin ilk 5 ayında vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib. Beləliklə, ötən ilin müvafiq dövrü (1,817,629) ilə müqayisədə xidmət sayı 30 faizə yaxın artıb”.

Elnur Azadxanov əlavə edib ki, TƏBİB tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tibb müəssisələrinin tibbi laboratoriyaları tamamilə yenilənib:

“Laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib və tibb müəssisələrində Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb. Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji, ELISA və s. sistemləri ilə təchiz olunub”.

Sumqayıt Tibb Mərkəzinin direktoru vurğulayıb ki, mütəmadi olaraq laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib: “Ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan laborator xidmətləri tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilirlər”. Qeyd olunub ki, hazırda 1 nömrəli Şəhər Xəstəxanasında və Perinatal Mərkəzdə laboratoriya IV səviyyə, Uşaq Xəstəxanasında III səviyyə, Təcili Tibbi Yardım Xəstəxanasında isə II səviyyə olaraq xidmət göstərir.


 
Media-tur çərçivəsində açıqlama verən Mərkəzin cərrahi işlər üzrə direktor müavini Ramin Qasımov qeyd edib ki, 2 nömrəli Xəstəxanada birgünlük cərrahiyyə xidməti istifadəyə verilib. Belə ki, cərrahiyyədə stasionar yatış xidmətlərindən birgünlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir:

“Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. Belə ki, laporoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması kimi yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq”.

R.Qasımov bildirib ki, bir sıra təcili, planlı cərrahi xidmət tələb edən hallarda birgünlük cərrahiyyə xidməti stasionar çarpayılarda doluluğun qarşısını almaqda, xəstələrin erkən normal günlük həyat tərzinə qayıtmaqda fayda verəcək.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti