Ötən il uğur qazana bilməyən müəllimlər yenidən imtahan verəcəklər

Ötən il uğur qazana bilməyən müəllimlər yenidən imtahan verəcəklər
  08 İyun 2024    Oxunub:1578
Bu gün ötən il uğur qazana bilməyən müəllimlər təkrar sertifikatlaşdırmaya cəlb olunacaqlar.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təkrar sertifikatlaşdırmaya cəlb edilən müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilirlər. 2023-cü ildə təşkil edilmiş sertifikatlaşdırma prosesində uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5495 nəfər ibtidai sinif müəllimi bu il təlimlərə cəlb olunub.

İyunun 21-22-də və 24-də isə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək. Bu il ilk dəfə Naxçıvanda baş tutacaq sertifikatlaşdırmada 367 müəllim iştirak edəcək. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17 min 914 müəllimə isə 10 faiz artım tətbiq edilib.

Cari ildə 30 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Qeyd edək ki, sertifikatlaşdırmadan keçən müəllim növbəti beş il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil ediləcək. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (3 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçən müəllimlər sertifikatlaşdırılma prosesindən azaddırlar.

AzVision.az



Teqlər:





Xəbər lenti