Avroparlamentə seçkilərdə mərkəzçi çoxluq qalib gəlib

   Avroparlamentə seçkilərdə    mərkəzçi çoxluq qalib    gəlib
  10 İyun 2024    Oxunub:854
Fransa və Almaniyada ifrat sağçı partiyaların dünənki seçkilərdə qazandığı uğurlar Avropa Parlamentində (AP) mərkəzçi çoxluğun mövqeyini sarsıtmayıb.
AzVision.az Almaniyanın “Deutsche Welle” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, Avropa Komissiyasının indiki sədri Ursula fon der Lyayenin də daxil olduğu “Avropa Xalq Partiyası” Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə böyük fərqlə qalib gəlib. Xalqçılar 720 yerdən 189-nu alacaqlar ki, bununla da AP-də hazırkı tərkibi ilə müqayisədə mövqelərini daha da yaxşılaşdıracaqlar.

Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqı üzrə seçkilərin ilkin nəticələrini təqdim edən səlahiyyət müddəti başa çatan AP-nin rəhbəri Roberta Metsola sabah qurumun artıq yeni tərkibdə işə başlayacağını bildirb.

Seçkilərin nəticələrinə görə, sosialistlər 135 mandatla ikinci, liberallar 80 mandatla üçüncü, mötədil sağçılar 72 mandatla dördüncü, “İdentiklik və Demokratiya” fraksiyasından olan ifrat sağçılar isə beşinci yerdə qərarlaşıblar. Sonuncunun sıralarında 58 mandatla Fransanın “Milli Birlik” partiyasının təmsilçiləri də yer alıb. “Yaşıllar”a cəmi 52 mandat almaq nəsib olub, daha 98 deputat isə mövcud fraksiyalara daxil deyil. Fraksiyasız deputatlar arasında “Almaniya üçün Alternativ” partiyasından olan deputatlar da var.
“Avropa Xalq partiyası”nın qələbəsi Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri vəzifəsinə yenidən seçilərək 2029-cu ilə qədər bu postda qalmasına imkan verir. Xanım Lyayen isə bu qələbənin ilk növbədə avroskeptiklərin neytrallaşdırılmasına yönəldiləcəyini açıqlayıb.

“Avropa seçkilərində qalib gəldik. Şübhəsiz ki, biz ən güclü partiyayıq. Biz sabitliyin lövbəriyik. Mərkəz duruş gətirir. İfrat solçulara və sağçılara qarşı qala quracağıq. “Avropa Xalq Partiyası” olmadan heç bir çoxluq yarana bilməz. Biz onları dayandıracağıq. Bu mütləqdir.” , - Avropa Komissiyasının sədri deyib.

İfrat solçular və şağçılar dedik də Ursula fon der Lyayen AP-nə seçkilərdə öz mövqelərini xeyli gücləndirmiş fransalı və almaniyalı mühafizəkarları və islahatçıları nəzərdə tutur.
Belə ki, lideri olduğu sosial-liberal “Dirçəliş” partiyasının seçkilərdə məğlubiyyətinə görə Emmanuel Makron Fransanın Milli Assambleyasını (Fransa parlamentinin aşağı palatası) buraxıb. Kansler Olaf Şolzun təmsil etdiyi Almaniya Sosial-Demokratlar Partiyası (ASDP) isə AP-nə seçkilərdə öz tarixində ən pis nəticə göstərərək, sağçı qüvvələri irəli buraxıb. Beləliklə də, AP-də 14 mandat qazanan “Almaniya üçün Alternativ” sağçı populist partiyası “Xristian-Demokratlar İttifaqı”ndan sonra ölkədə ikinci siyasi qüvvəyə çevrilib. Bu seçkilərdə üçüncü yerlə kifayətlənən ASDP-nin federal koalisiya üzrə kiçik tərəfdaşı olan “Yaşıllar” partiyası isə AP-dəki 25 mandatdan 10-nu itirərək, cəmi 15 yer ala bilib.

Digər diqqətçəkən məqam isə Macarıstanın Fides və Xristian-Demokrat Xalq Pariyasının yaratdığı hakimiyyət alyansının AP-nə seçkilərdə ölkənin payına düşən 21 mandatdan 11-ni qazanmasıdır. Ötən seçkilərlə müqayisədə 2 mandat itirilsə də, Macarıstanın Baş naziri Viktor Orban həmvətənlərinin bununla sülhə səs verdiklərini söyləyib.

“Seçkilərin Avropa Parlamentinə mesajı ilə bağlı deyə bilərik ki, Macarıstanda vətəndaşlar sülh istədiklərini açıq şəkildə ifadə ediblər. Müharibə və sülh arasında seçim etməli olsalar, onlar sülhü seçirlər” , - Orban vurğulayıb.

Macarların sülh seçimi dedikdə, Viktor Orban, sözsüz ki, ilk növbədə Avropa İttifaqının Ukraynaya hərbi və maliyyə dəstəyinin dayandırılması tələbini nəzərdə tutur.
Lakin mərkəzçilərin qələbəsindən ruhlanan Ursula fon der Lyayen bu məsələdə heç nəyin dəyişməyəcəyinin anonsunu verib.

- Sabah biz yeni güclü əksəriyyət yaratmaq, həmfikir insanlar arasında körpülər yaratmaq üzərində işləməyə başlayacağıq. Biz sosialistlərə və liberallara müraciət edəcəyik, bu platforma son beş ildə yaxşı işləyirdi, indi də yaxşı işləyəcək. Avropa Parlamentində yeni çoxluq avropapərəst və ukraynayönümlü olacaq”, - Avropa Komissiyasının indiki rəhbəri deyib.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: AP   seçkilər  





Xəbər lenti