"Mitinqlərə qoşulanlar ya işsiz, ya da maaşsız qalırlar" - Erməni keşiş

 "Mitinqlərə qoşulanlar ya işsiz, ya da maaşsız qalırlar"    - Erməni keşiş
  10 İyun 2024    Oxunub:1077
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir.
“Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları bu gecə səhərə kimi Baqramyan prospektində aksiya keçiriblər. Etirazçılar Ermənistan parlamentinin binası qarşısında çadırlar qurublar bu gün daha böyük mitinqin təşkilinə hazırlıq gedir. Hərəkat lideri jurnalistlərə açıqlamasında deyib ki, hakimiyyət insanların sərbəst toplaşmaq azadlıqlarını boğur.

İrəvanda etirazçılar çadırlar qurub aksiya keçirirlər - VİDEO
“Dilicandakı uşaq bağçaları və məktəblərdə hərəkatımızın mübarizə tədbirlərinə qoşulan və ya bizə rəğbətini ifadə edənlərin işdən çıxarılmaları barədə xəbərlər alırıq. Hətta onlar maaşlarını ala bilməyəcəkləri ilə hədələnirlər. Əgər belə faktlar varsa, biz mütləq onların doğruluğunu yoxlayacağıq. Mən bunu yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına çatdıracağam”, - Baqrat Srbazan jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, bir neçə gün öncə “Hraparak” qəzeti Paşinyan hakimiyyətinin müxtəlif vasitələrlə inqilabçı keşişin mitinq fəallığının qarşısını almağa çalışması barədə məqalə dərc etmişdi. Müəllif iddia edirdi ki, Qeqarkunik qubernatoru Karen Sarkisyanın yurisdiksiyasında olan qurumların işçilərinə aksiyaya qoşulmamaqla bağlı qəti şəkildə qadağa qoyub. O, təkcə qubernatorluğa tabe qurumların əməkdaşlarını mitinqdə iştirakdan çəkindirməyib, hədələr də səsləndirib.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Keşiş   Aksiya  





Xəbər lenti