Antonov: "Ukraynanın silahlandırılması ABŞ-nin Yaxın Şərqdəki acınacaqlı təcrübəsini xatırladır"

      Antonov:    "Ukraynanın silahlandırılması ABŞ-nin Yaxın Şərqdəki acınacaqlı təcrübəsini xatırladır"
  12 İyun 2024    Oxunub:1207
Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Ukraynanın Azov batalyonuna (Rusiya tərəfindən "terror qrupları" siyahısına salınıb) ABŞ-nin qoyduğu silah təchizatı qadağasının ləğvinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, o bu barədə jurnalistlərə verdiyi açıqlamanı "Telegram" kanalında diqqətə çatdırıb.

"Vaşinqtonun açıq-aşkar millətçilik zəminində atdığı bu cür addımlar yalnız zorakılıqla nəticələnəcək. Odur ki bu məsələ ABŞ-nin Ukrayna ilə bağlı strategiyası çərçivəsindən çıxaraq, onun terrorla mübarizəyə yanaşmasını sual altına qoyur. Dünyada terror fəaliyyətləri mütəmadi artmaqdadır. Terror təhlükəsi müxtəlif ölkələrdə, elə ABŞ-nin özündə də vətəndaşların həyat şəraitini korlayır. Sizi inandırım ki, hər gün Rusiya səfirliyinə qarşı da hədə-qorxu mesajları alırıq, - təkcə rəhbərliyə yox, adi diplomatların adına da. ABŞ öz rusofob siyasəti nəticəsində belə təhlükəyə göz yumur", - səfir vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-yə köçən ukraynalılar, həmçinin Kiyevə rəğbət bəsləyən Rusiya vətəndaşları "zəhərli təbliğat"a məruz qalırlar:

"Onları Şərqi Avropadakı döyüş meydanına, bəlkə də başqa quldurluq işlərinə göndərməyə hazırlayırlar. Bu məqsədlə külli miqdarda vəsait xərclənir. Maraqlıdır ki, açıq-aydın təhlükə ehtimalına baxmayaraq, hüquq-mühafizə orqanları belə ekstremist qrupların təşkilinə biganə yanaşır".

Antonov ABŞ-nin Ukraynaya dəstəyini Yaxın Şərqdə keçirdiyi əməliyyatlara bənzədib:

"Necə deyərlər, başqasına quyu qazan, özü düşər. Hazırkı vəziyyət, o cümlədən Azovdakı neonasistlərin yenidən silahlandırılması bizə, əlbəttə, Vaşinqtonun Yaxın Şərqdəki acınacaqlı təcrübəsini xatırladır. ABŞ xüsusi xidmət orqanlarının orada "ümumi düşmən"lə mübarizə təşviqatı hesabına Əfqanıstan və İraqda silahlı qruplaşmalar üzə çıxdı. Axırı da hamıya məlumdur: İŞİD kimi bəlalar, yüz minlərlə dinc sakinin ölümü, milyonlarla qaçqın, onilliklər boyu aparılan qanlı qarşıdurmalar...".

Səfir fikrinin yekununda Rusiyanın terrorizmlə mübarizədə qətiyyətini təkrarlayıb:

"Bu xərçəngin kökünü kəsmək üçün çoxtərəfli əməkdaşlığın tərəfdarıyıq. Moskva cinayətkarların siyasi mənfəət naminə "yaxşı" və "pis"ə bölünməsinin əleyhinədir. Vətənsiz, vicdansız alçaqlar cəzalandırılmalıdırlar. Onlardan hansısa məqsədlər uğruna istifadə yolverilməzdir".

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Ukrayna   Yaxın-Şərq  





Xəbər lenti