"2" alan müəllimlər: Onlar itirdi, biz qazandıq!

  "2" alan müəllimlər:  Onlar itirdi, biz qazandıq!
  12 İyun 2024    Oxunub:9292
Xəbər verdiyimiz kimi, ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib. Onlardan 3909-u ikinci dəfə də minimal göstəricini keçə bilməyib. Ən sadə suallar qarşısında aciz qalan təhsilverənlərimiz cəmiyyətin irad və tənqidlərinə məruz qalıblar.
Mövzu ilə bağlı AzVision.az -a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, sertifikasiya imtahanı müəllimlərlə bağlı real mənzərəni üzə çıxardı.

"Bir ölkənin təhsil sisteminin səviyyəsi müəlliminin səviyyəsindən artıq ola bilməz. Müəllimlərimiz necədirsə, təhsilimiz də elədir. Sertifikasiya imtahanı müəllimlərimizlə bağlı acı həqiqəti üzə çıxardı. Ortaya çıxan mənzərə xoş deyil. Məlum oldu ki, orta məktəbdə şagirdlərə bilik verən şəxslərin özlərinin bilikləri yoxdur. Onlara yenidən hazırlaşmaq üçün bir il vaxt verildi. Ancaq bizim müəllimlərimiz bu fürsətdən də yararlanmadılar. Sertifikasiya imtahanı ilə 4 min müəllimi itirmədik, əksinə onların yerinə gələcək savadlı, yüksək hazırlıqlı 4 min müəllimi qazandıq".

Təhsil eksperti deyir ki, imtahandan keçə bilməyən müəllimlərin əksəriyyətinin 20 ildən çox iş stajı var.

"O müəllimlərin çoxusu dövlət universitetlərini bitirməyiblər və yaşları 45-dən yuxarı olanlardır. İndiyə qədər biz təhsil sistemində kefiyyətin yüksəldilməsi üçün müxtəlif islahatlar və layihələr həyata keçirirdik. Ancaq məlum oldu ki, dərslikləri və təhsili idarə edənləri dəyişməklə nəyəsə nail ola bilmərik. Burada yeganə edə biləcəyimiz şey savadsız müəllimləri savadlılarla əvəzləməkdir.

BMT-nin 2030-cu il üzrə proqnozunda dünyada peşəkar müəllimlərin sayının artırılması hədəf qoyulub. Azərbaycan da dünyadakı çağırışlara cavab vermək istəyir. Bu baxımdan sertifikasiya imtahanının keçirilməsi vacibdir".

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, imtahan nəticələri çox məyusedicidir.

"Təəssüf ki, əvvəlki dövrlərdə müxtəlif yollarla məktəblərə müəllim kimi işə qəbul olunan çoxlu şəxslər var. Bu açıq qeyd olunmasa da belədir. Sertifikasiyanın da hədəfi və məqsədi yetərli biliyi, savadı, elmi olmayan müəllimlərin prosesdən uzaqlaşdırılmasıdır.

Müəllim ən bəsit suallara cavab verə bilmirsə, üzərində işləmirsə, imtahanlara yaxşı hazırlaşmırsa, bunun məsuliyyətini özü daşıyır. İmtahan verən müəllimlərin demək olar ki, yarıdan çoxu kəsilib. Halbuki bu, onlara verilən ikinci şans idi.

Bir məqamı da nəzərə almalıyıq ki, bu müəllimlər başqa ölkələrin ali təhsil müəssisələrini bitirməyiblər. Azərbaycan univeristetlərində təhsil alıblar. Ona görə də biz universitetlərimizdə də təhsilin səviyyəsini, kefiyyətini artırmalıyıq".

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Hikmət Əlizadə deyir ki, imtahan nəticələri onu da təəccübləndirib:

"Müəllimlərin yüksək bal toplayacağını və fəaliyyətlərinə davam edəcəklərini düşünürdüm. Ancaq reallıq başqa cür oldu. Müəllimlərimiz dərs dedikləri fənlərin suallarına cavab verə bilmədilər. Çox acınacaqlı haldır.

Təhsil elə bir sahədir ki, müəllim daima öz üzərində işləyə bilməlidir. Amma həmin müəllimlər bunu bacarmayıblar və yaxud məsələyə məsuliyyətsizliklə yanaşıblar. Mən həmişə Azərbaycan müəllimi ilə qürur duymuşam. SSRİ vaxtında ittifaqın ən görkəmli müəllimləri sırasında azərbaycanlılar da olurdu. İndi isə vəziyyət dəyişib.

Düşünürəm ki, bu cür sadə sualları həll edə bilməyən müəllimlərin sinifə girməyə mənəvi haqqı yoxdur".

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri imtahan nəticələrini biabırçılıq adlandırıb.

"Bu, cəmiyyət və onun intelektual göstəricisi adına məyusedicidir. Həm də təhlükəli haldır.
Çünki müəllim adına böyük bir zərbə vurur. Təsəvvür edin 1355 müəllim "fəaliyyət" sözünün necə yazıldığını bilməyib. Bu, biabırçılıqdan o tərəfə bir mərhələdir.

İtirən şagirdlərimiz və təhsilimizdir. Deyilənlərə görə, təkrar sertifikasiyadan kəsilənlərin böyük əksəriyyəti orta yaşdan yuxarı müəllimlər olub. Halbuki onlar illərlə neçə nəsilə tədris veriblər.

Bu cür müəllimlərin hesabına müəyyən intelektual kəsimi, uğur hekayələrini itirmişik. Onları müdafiə etmək və saxta humanizm göstərmək artıq əbəsdir. Reallığın gözünə düz baxmaq lazımdır. Bu, savadsızlıqdır.

Diaqnostik qiymətləndirmədə də belə biabırçılıqlar olmuşdu. Sadəcə o zaman bu, çox qabardılmadı.

Mən 4 min müəllimin işsiz qalmsını istəmirəm. Ancaq məktəb, intelektual inkişaf amilini ayaqlar altına ata bilmərik".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti