“Xalq hakimiyyət dəyişikliyi istəyirsə, iqtidar dəyişəcək” - Paşinyan

   “Xalq hakimiyyət dəyişikliyi istəyirsə, iqtidar dəyişəcək”    - Paşinyan
  12 İyun 2024    Oxunub:971
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə "hökumət saat"ına qatıldıqdan sonra jurnalistlərlə qısa söhbət edib.
AzVision.az xəbər verir ki, suallar əsasən keşişin başlatdığı məlum hərəkat və baş nazirin istefası tələbi ilə bağlı olub.

"Rusiya ilə çoxəsrlik əlaqələrimiz inkişaf edəcək" - Paşinyan
“Mən azı on dəfə demişəm ki, əgər xalqımız hakimiyyət dəyişikliyini istəsə, o zaman elə Ermənistan xalqı da iqtidarı dəyişəcək”, - Paşinyan bildirib. O, jurnalistin "Bəs əgər hakimiyyətdən getmək qorxunuz yoxdursa, niyə bu qədər polis qüvvələri cəmləşir?" sualına isə formal cümlələrlə cavab verib: “Ermənistan Respublikasının hər bir dövlət orqanı qanunla ona həvalə edilmiş funksiyaları yerinə yetirməyə borcludur”.
Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.


Tural Tağıyev

AzVision.az



Teqlər:   Ermənistan   Hakimiyyət  





Xəbər lenti