Gənc aşpazlar arasında keçirilən müsabiqədə qaliblər müəyyənləşib

 Gənc aşpazlar arasında keçirilən müsabiqədə qaliblər müəyyənləşib
  12 İyun 2024    Oxunub:1349
12 İyun tarixində Azərbaycan Hotel Assosiasiyası tərəfindən, gənc şeflərin iştirakı ilə ilk dəfə “Üzv hotellər arasında Şef Müsabiqəsi” keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Hotel Assosiasiyası hər zaman qonaqpərvərlik sənayesinin gənc istedadlarının üzə çıxarılması, tanıdılmasına dəstək olmağa davam edir.

Tədbirin tərəfdaşı olan CÀSÀ Kulinariya Mərkəzinin dəstəyi, “Pasha Travel” şirkətinin sponsorluğu ilə baş tutan müsabiqə, Azərbaycan Hotel Assosiasiyasının üzv hotellərin müxtəlif şöbələrində çalışan əməkdaşların motivasiya edilməsi və assosiasiya daxili fəaliyyətlərə cəlb edilməsi missiyasının davamı olaraq nəzərdə tutulmuşdur.

Belə ki, Azərbaycan Hotel Assosiasiyasına üzv olan, Bakı və regionlarda yerləşən ümumilikdə 12 hotelin - Baku Marriott Hotel Boulevard, Courtyard by Marriott Baku, Fairmont Baku, Four Seasons Hotel Baku, Hilton Baku, Hyatt Regency Baku, JW Marriott Absheron Baku, The Ritz-Carlton,Baku, Garabag Resort and SPA, Quba Palace, Lankaran Springs Wellnes Resort, Shamakhi Palace Sharadil hotellərinin təmsilçiləri müsabiqədə iştirak ediblər.

Qeyd edək ki, yekun müsabiqəyə qatılan hər bir şef təmsil etdikləri hotel daxilində seçmə mərhələdə təyin olunan yeməyi öz təqdimatlarında münsiflərin dəyərləndirməsinə təqdim edib və hər bir hoteldən 1 qalib şef yekun müsabiqədə iştirak etməyə haqq qazanmışdır.
CÀSÀ Kulinariya Mərkəzində keçirilən müsabiqənin açılış hissəsində çıxış edən Azərbaycan Hotel Assosiasiyasının sədri, Eldar Əlimuradov, Baş İcraçı Direktoru Günay Sağlam, CÀSÀ Kulinariya Mərkəzinin təsisçisi və direktoru Kelvin Chong, Pasha Travel şirkətinin Sədr müşaviri Əzizə Seyidova kulinariya sahəsinin inkişafının və bu konspetdə müsabiqələrin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
2 saat davam edən yarışmada 12 şef 1-cilik uğrunda mübarizə apardı və böyük həvəslə hazırladıqları imza yeməklərini münsiflərin rəyinə təqdim ediblər.

CÀSÀ Kulinariya Mərkəzinin peşəkar ekspertlərindən ibarət 7 nəfərlik münsiflər heyəti iştirakçılar tərəfindən hazırlanmış yeməkləri dəyərləndirdilər, yekunda üçüncü yerin sahibi CÀSÀ Kulinariya Mərkəzi tərəfindən qida təhlükəsizliyi üzrə təlim, ikinci yerin sahibi AHA tərəfindən professional şef bıçaq seti, birinci yerin sahibi isə Pasha Travel tərəfindən Monteneqroya 3 gecə/4 günlük istirahət paketi ilə mükafatlandırılıblar.

Bütün iştirakçılara isə sonda sertifikatlar təqdim edilib.

Azərbaycan Hotel Assosiasiyasının “Üzv hotellər arasında Şef Müsabiqəsi” üzrə qaliblərin siyahısını sizə təqdim edirik:
1-ci yer – Kamil Bafadarov / Four Seasons Hotel Baku
2-ci yer – Əkrəm Kərimli / Fairmont Baku
3-cü yer – Fərəc Abasquluzadə / JW Marriott Absheron Baku














AzVision.az





Teqlər:





Xəbər lenti