Mİlli Məclisin komitə iclasında altı məsələ müzakirə olunub
T.Mirkişili ilk üç məsələnin ikinci oxunuşda müzakirəyə təqdim edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu deyib.
Məsələ ətrafında müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Rüfət Quliyev, Aydın Hüseynov, Elnur Allahverdiyev çıxış edərək fikirlərini, qeyd və təkliflərini açıqlayıblar.
İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.
Sonra iclasda “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də nəzərdən keçirilib.
Qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Sonra komitə sədri gündəliyin 4-cü məsələsi olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə təqdim edib. Bildirib ki, 2023-ci il dövlət büdcəsinin gəlirləri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 4 faiz çox icra olunub. Keçən ilin dövlət büdcəsində təsdiq olunmuş 36 624.8 milyon xərcin 99.5%-i icra olunub.
Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov 2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı palatanın rəyini səsləndirərək bildirib ki, Hesablama Palatası tərəfindən rəyin tərtib edilməsi zamanı 158 qurum və 1 istiqamət üzrə 31,2 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib.
Maliyyə nazirinin müavini Azər Bayramov 2023-cü il dövlət büdcəsinin icrasının xərclər istiqaməti ilə bağlı Hesablama Palatanın mövqeyinə münasibətini bildirəndən sonra qanun layihəsi üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Deputatlar əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədilə hazırlanan bu qanun layihəsini də baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Gündəliyin sonuncu məsələsi olan Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxaran komitə sədri bildirib ki, layihədə ilk dəfə olaraq bir sıra elektron xidmətlərin göstərilməsi qaydaları təsbit olunub.
İclasda çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində görülən işlər, dövlət qurumlarında prosesləri 80 faiz rəqəmsallaşdırmaqla kağızsız hökumətə keçidin təmini istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyəti sədrinin müşaviri Şahin Əliyev qanun layihəsində təklif olunan elektron xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən mygov tətbiqi) üzərindən təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatları və sistemlərində aparılan digər təkmilləşdirmələr və yeniliklər barədə məlumat veriblər.
Layihənin müzakirəsində komitə üzvləri Məzahir Əfəndiyev, Vahid Əhmədov, Məşhur Məmmədov, Vüqar Bayramov, Aydın Hüseynov çıxış ediblər, qeydlərini və suallarını səsləndiriblər.
Nazir müavinləri Samir Məmmədov və Elmin Məmmədov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
AzVision.az
Teqlər: