Sidney Konqresində təqdim olunacaq elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi mövzuları əhatə edəcək.
Sidney Konqresi haqqında məlumat 13 yanvar 2025-ci il tarixində Azərbaycan Milli Elmi Komandasının Sertifikat Təltifetmə Mərasimi və Beynəlxalq Astronavtika Konqresi 2025 layihəsi çərçivəsində Mentorluq Proqramının təqdimatı tədbirində təqdim olunmuşdur. Tədbir, Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilib. Mərasim, Azərbaycanın kosmik elm sahəsindəki inkişafını və kosmik ekosistemi dəstəkləyən təşəbbüslərin gücləndirilməsi məqsədini daşıyır.
Tədbirdə, 14-18 oktyabr 2024-cü il tarixlərində “Dayanıqlılıq naminə kosmik məsuliyyət” çağırışı altında keçirilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində əldə olunan böyük uğurlar qeyd edilib.
Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təqdim edilən 345 məqalə arasından 92-si qəbul edilmiş və Azərbaycan Milli Elmi Komandasının 52 üzvü Milan şəhərinə səfər edərək, öz işlərini beynəlxalq auditoriyaya təqdim edib. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çinin sırasında ilk beşlikdə yer alıb.
Mərasim çərçivəsində təqdim olunan Mentorluq Proqramı isə gənc mütəxəssislərə kosmik elm sahəsində bilik və təcrübə mübadiləsi aparmaq üçün yeni imkanlar yaradacaq.
AzVision.az