Ərdoğan: "Suriyadakı kənar qüvvələr dərhal geri çəkilməlidirlər"

      Ərdoğan:    "Suriyadakı kənar qüvvələr dərhal geri çəkilməlidirlər"
  15 Yanvar 2025    Oxunub:319
"Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya soxulan kənar qüvvələr, xüsusilə İsrail burada öz təcavüzkar hərəkətlərini dərhal dayandırmalıdır. Əks təqdirdə, nəticələr bütün tərəflər üçün mənfi olacaq".
Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentə baş tutan yığıncağında çıxışı zamanı dilə gətirib. O həmçinin İsrail və HƏMAS arasında gözlənilən atəşkəsi regionda davamlı sülh və sabitlik üçün mühüm fürsət kimi qiymətləndirib.

"Atəşkəs danışıqlarını çox diqqətlə izləyirik, tezliklə müsbət xəbər alacağımıza ümidvarıq", - Ərdoğan deyib.

O, eyni zamanda, diqqətə çatdırıb ki, Suriyada hazırda ən mühüm problem kürd separatçılarının - PKK terror təşkilatının hərəkətəridir.

"PKK terrorçuları Suriyanın 1/3-i ələ keçiriblər. Ölkənin təbii sərvətlərini də mənimsəyən terrorçular özləri silahı yerə qoymasalar, yaxınlaşan acı nəticədən qurtula bilməyəcəklər. Suriyalı qardaşlarımızla birgə PKK, İŞİD və digər qruplaşmaları tezliklə darmadağın edəcəyik", - Türkiyə lideri vurğulayıb.
Türkiyə və Suriya birgə hərbi əməliyyata başlayır

Xatırladaq ki, ötən günlərdə yerli mətbuatda yayılan məlumata görə, Türkiyə Suriya ilə birgə kürd separatçılarına qarşı böyük hərbi əməliyyata başlayır. Digər tərəfdən, PKK-nın da İrandan 1500 kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) aldığı bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   Suriya   Yaxın-Şərq  





Xəbər lenti