Putin Şimali Koreyaya niyə gedir? - Pxenyan Moskvaya 5 milyon mərmi ötürüb

 Putin Şimali Koreyaya niyə gedir?  - Pxenyan Moskvaya 5 milyon mərmi ötürüb
  14 İyun 2024    Oxunub:1178
"Şimali Koreya Rusiyaya konteynerlər göndərib ki, onların da içərisində 5 milyon artilleriya mərmisinin olduğu ehtimal edilir. Ancaq Rusiya rəhbəri Vladimir Putin Pxenyana səfəri zamanı çox güman ki, həmkarından daha çox şey istəyəcək".
Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir. Nəşrə müsahibə verən Cənubi Koreyanın müdafiə naziri Şin Vonsik qeyd edib ki, Seul Şimali Koreyadan Rusiyaya göndərilmiş ən azı 10 min dəniz konteyneri aşkar edib: "Bu müəmmalı yüklərdə Putinin Ukraynada istifadə edəcəyi 4,8 milyona qədər artilleriya mərmisi ola bilər".

Rusiya “silahlandırma yarışı” dilemması qarşısında
Nazir həmçinin iddia edib ki, "Putinin Şimali Koreya ilə təhlükəsizlik sahəsində, xüsusən də hazırki qələbə şansından istifadə etmək üçün gərəkən artilleriya mərmiləri, hərbi təchizat sahəsində daha sıx əməkdaşlığa çalışacağı gözlənilir".

Həmçinin, Şimali Koreyanın Ukraynaya hücumların uğurlu olması üçün Moskvaya onlarla ballistik raket göndərməsi də vurğulanıb. Bunun müqabilində Rusiya qarşı tərəfə xüsusi texnologiya təqdim edib ki, bunun sayəsində koreyalılar casus peykləri, təyyarələr kimi silah və texnikaların yerləşdirilməsinə dair planlarını rahat həyata keçirəcəklər.

Cənubi Koreyanın "DongA Ilbo" qəzeti yazır ki, Putin gələn həftə KXDR-ə səfər edəcək. Bu, 2000-ci ilin iyulundan bəri Rusiya liderinin ilk səfər olacaq: "Putinin gəlişi ABŞ və müttəfiqləri arasında Kremlin Ukraynaya uğurlu hücumlarını həyata keçirməsinə kömək edən silah çatdırılmaları ilə bağlı narahatlıq yaradacaq".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Bir müddət öncə isə Kiyev səfərbərlik qaydalarını bir qədər də sərtləşdirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Mərmi   Şimali-Koreya  





Xəbər lenti