“Azərxalça” ASC və Aydan Salahova ortaq layihədə - Fotolar

“Azərxalça” ASC və Aydan Salahova ortaq layihədə -  Fotolar
  14 İyun 2024    Oxunub:1058
Azərbaycanın milli- mənəvi sərvəti olan xalçaçılıq sənətinin inkişafı, müasir dövrə, tələblərə uyğunlaşdırılması və müasir incəsənətin bir qoluna çevrilməsi yolunda “Azərxalça” ASC-nin gənc, müasir, yerli və xarici incəsənət nümayəndələri ilə birgə əməkdaşlığı davam edir. Bu gün- iyun ayının 14-də “Azərxalça” ASC- nin İçərişəhərdə yerləşən xalça nümayişi salonunda limitli və eksklüziv “Qadın” triptixi, xalça kolleksiyasının təqdimatı baş tutub.
Bu dəfə rəssam, heykəltəraş, qrafik dizayner, qalereya sahibi və pedaqoq, beynəlxalq incəsənətin müasir və tanınan nümayəndəsi, azərbaycanlı rəssam Aydan Salahovanın “Qadın” rəsm əsərini “Azərxalça” ASC – nin yaradıcı qrupu xalça üzərinə köçürüb. Nəticədə iki ədəd 230:111, bir ədəd 230:170 ölçüsündə xalçalardan ibarət “Qadın” triptix xalça kolleksiyası ərsəyə gəlib. Kolleksiya limitlidir, ümumilikdə 10 xalça üçlüyündən ibarətdir. Kolleksiya 2 ay müddətində “Azərxalça” ASC-nin Nardaran emalatxanasında 8 toxucu tərəfindən ərsəyə gəlib.

Xalça xaricindəki naxışlar sosial münasibətləri və gözləntiləri, daxilindəki boşluq isə insanın əsl mənliyini simvollaşdırır. Ornamentlərlə örtülmüş qadın fiquru xarici təsirlərin onu necə əhatə etdiyini nümayiş etdirir, lakin yalnız daxilində onun əsl mahiyyəti üçün yer var. Daxili boşluq insanın xarici təsirlərdən azad olan həqiqi mənliyini simvollaşdırır.

Mərasimdə başda “Azərxalça” ASC- nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov olmaqla, Aydan Salahova, yaradıcı qrup, yerli incəsənət nümayəndələri, ictimai, siyasi xadimlər, media nümayəndələri və xarici qonaqlar iştirak edib.

Tədbiri İdarə Heyətinin sədri Emin Məmmədov açıq elan edib. Çıxış zamanı qeyd olunub ki, milli- mənəvi sərvətlərimizin hər biri qorunmaqla yanaşı müasirliyə, müasir həyata uyğunlaşmağa çox münasibdir və xalçaçılıq sənəti də istisna deyil. Bildirildi ki, “Azərxalça” ASC xalçaçılıq üzərində daim müsbət reaksiyalara səbəb olan çalışmalar aparır və bu yolda istedadlı, müasir, Vətənini sevən hər bir yaradıcı insanın əməyindən istifadə edir, onlara öz ideyalarını həyata keçirməyə imkan yaradır. Aydan Salahovanın “Qadın” əsərinin xalça üzərinə köçürülməsi də çox böyük marağa səbəb olub, bu səbəbdən istedadlı rəssam ilə ortaq işlərin davam edəcəyi də vurğulanıb.

Aydan Salahova isə çıxışı zamanı Azərbaycanı, onun gözəl mədəniyyəti və xalçaları çox sevdiyini vurğulayaraq, əsərdə qadınlarla bağlı istək və arzularını, ümid və gümanlarını çox detallı şəkildə göstərməyə çalışdığından söz açıb. Sonda isə rəssam ona əsərini gözəl xalça formasında təqdim etməyə kömək etdikləri üçün “Azərxalça” ASC- nin yaradıcı qrupuna minnətdarlığını bildirdi.

Daha sonra qonaqlar triptix xalça kolleksiyası ilə tanış oldular.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti