Prezidentdən şahmat sərəncamı

Prezidentdən şahmat sərəncamı
  15 Fevral 2013    Oxunub:2348
Prezident İlham Əliyev 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda Azərbaycanda intellektual idman növü kimi tarixən geniş yayılan şahmata ötən əsrin 70-ci illərindən etibarən xüsusi diqqət göstərildiyi, ölkəmiz müstəqilliyə nail olduqdan sonra isə bu sahə dövlət səviyyəsində daha da inkişaf etdirilməyə başladığı bildirilir: “Aparılan məqsədyönlü işlər nəticəsində respublikanı dünya miqyasında uğurla təmsil edən çox sayda beynəlxalq qrossmeyster və FİDE ustası hazırlanmışdır. Qrossmeysterlərimizin beynəlxalq miqyaslı yarışlarda və ümumdünya şahmat olimpiadalarında əldə etdikləri yüksək nailiyyətlər Azərbaycanı layiqincə tanıdaraq, ona beynəlxalq şahmat aləmində böyük etimad qazandırmışdır. 2002-ci ildə Avropa çempionatının Bakıda, 2003-cü ildə gənclər arasında dünya çempionatının Naxçıvanda, 2008-ci ildə FİDE-nin Qran-pri seriyasının Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirinin Bakıda keçirilməsi Beynəlxalq Şahmat Federasiyasının ölkəmizə göstərdiyi yüksək etimadın bariz nümunəsidir.
Təqdirəlayiq haldır ki, Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Firudin Nəbiyev - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Mahir Məmmədov - Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti
Faiq Həsənov - Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti
2. Təşkilat Komitəsi 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planı hazırlasın və icra olunmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.


Teqlər:  





Xəbər lenti