Tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub

Tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
  24 İyun 2024    Oxunub:927
2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 540 dalağın çıxarılması (splenektomiya) əməliyyatı icra olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, əməliyyatların 530-u dalağın tam, 10-u hissəvi çıxarılması ilə bağlı icra edilib.

Splenektomiya əməliyyatı əsasən qarın boşluğunda açılan kəsiklə aparılır. Əməliyyat həmçinin laparoskopik üsulla da icra olunur. Hər iki üsulla aparılan əməliyyat icbari tibbi sığorta ilə qarşılanır. Dalaq xəstəliyinin diaqnostikası üçün və əməliyyatdan əvvəl zəruri olan USM, rentgenoqrafiya, KT, MRT, biopsiya, laborator və instrumental müayinələr icbari tibbi sığorta ilə həyata keçirilir.

Abdominal travmalar nəticəsində orqanın anatomik struktur bütövlüyünün pozulması, dalağın dağılması, dalaq arteriyasının anevrizması kimi patoloji proseslərin ağırlaşması, xoş və bədxassəli şişlər, dalağın absesi, parazitar və qeyri-parazitar kistalar əməliyyat üçün göstəriş sayılır. Bundan başqa yuxarı mədə-bağırsaq sistemi qanaxması ilə müşayiət olunan dalaq venasının trombozu, Verlqof xəstəliyində (trombositlərin miqdarının azalması ilə müşayiət olunan xronik autoimmun xəstəlik) terapevtik müalicənin nəticə verməməsi, autoimmun və qan xəstəlikləri fonunda dalağın patoloji genişlənməsi zamanı splenektomiya təyin olunur.

Dalaq sol qabırğanın altında, mədənin solunda yerləşən qanyaradıcı və immun sistemini müdafiə edən vacib orqandır. Sağlam dalaq bütün orqanizmin işinə cavabdeh olan bir sıra funksiyaları yerinə yetirir. Dalaq qan hüceyrələrinin və onların komponentlərinin yaranmasında iştirak edərək filtr funksiyanı yerinə yetirdiyi üçün insan orqanizminə daxil olan bakteriya və virusları təmizləmiş olur. Dalağı götürülmüş insanların müxtəlif infeksiyaların səbəb olduğu pnevmoniya, meningit və digər infeksion xəstəliklərə həssaslığı artır. Bu səbəbdən dalağı çıxarılan insanlara planlı əməliyyatdan bir neçə həftə əvvəl, təcili əməliyyatlarda isə 3 həftə sonra meninqokok, pnevmokok və digər infeksiyalara qarşı peyvənd olunmaları tövsiyə olunur.

Qeyd edək ki, splenektomiya icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində icra olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti