Berlində Azərbaycan dili məktəbinin açılışı olub
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib ki, ölkəmizin xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin məqsədi Azərbaycan dili, tarixi, ədəbiyyatı, musiqisi və digər sahələr ilə bağlı təbliğat, təşviqat və təlim proqramlarının həyata keçirilməsidir. O, Berlindəki Mədəniyyət Mərkəzində də açılan Azərbaycan dili sinfinin buna töhfə verəcəyini qeyd edib və həftəsonu məktəbin gələcək işinə uğurlar arzulayıb.
Ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Almaniyadakı Azərbaycan diasporunun xüsusi fəallığı ilə seçildiyini və mühüm işlər gördüyünü söyləyib. Bundan sonra da bu fəaliyyətlərin birgə, sıx və əlaqələndirilmiş şəkildə davam etdirilməsinin, gücləndirilməsinin zəruriliyini vurğulayan səfir Berlində Azərbaycan dili məktəbinin açılmasını təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər Azərbaycan dili məktəbinin açılmasına görə təşkilatçılara, müəllimlərə, şagirdlərə, onların valideynlərinə təşəkkürlərini bildirib, xaricdə azərbaycandilli məktəblərin sayının ilbəil artmasının əhəmiyyətini vurğulayıblar.
Azərbaycan dili həftəsonu məktəbinin açılış mərasimindən sonra rəsmi qonaqlar Mədəniyyət Mərkəzində yeni təşkil olunan nağara kurslarının da açılışında iştirak ediblər.
Sonda Ana dili məktəbinin şagirdlərinə Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi adından hədiyyələr verilib.
AzVision.az
Teqlər: