Ordu Günü Varşavada qeyd olunub - FOTOLAR

 Ordu Günü Varşavada qeyd olunub -    FOTOLAR
  26 İyun 2024    Oxunub:1921

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Azərbaycanın Polşadakı hərbi attaşelik aparatının dəstəyi ilə Varşavada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü qeyd olunub
AzVision.az xəbər verir ki, tədbir çərçivəsində həm Azərbaycan, həm də Polşa qəhrəmanları olan polkovnik Vəli bəy Yadigar və general Maçey Sulkeviçin abidəsi önünə Azərbaycanın Polşadakı səfirliyi, Polşa-Azərbaycan dostluq qrupu, Varşavanın Cənubi-Praqa rayonunun rəhbərliyi, Seymdə Hüquq və Ədalət partiyasının fraksiyası və Azərbaycan diasporu adından əklil və gül dəstələri qoyulub.

Səfir Nərgiz Qurbanova çıxış edərək 1918-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin - Milli Ordunun yaradılması tarixindən məlumat verib. Səfir qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələri Günü elan edilərək hər il təntənə ilə qeyd olunur. Ulu Öndərin dövlətçilik məktəbinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin misilsiz səyləri ilə ordumuz daha da güclənib və dünyanın ən güclü orduları sırasında öz yerini tutub.

Ötən illər ərzində Azərbaycanın özünü etibarlı beynəlxalq tərəfdaş kimi sübut etdiyini vurğulayan N.Qurbanova NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Ordusunun Alyansın standartlarına uyğunlaşdırıldığını, hərbçilərimizin NATO çərçivəsində müvafiq təlimlərdə, o cümlədən sülhməramlı qüvvələrin tərkibində Kosovo, İraq və Əfqanıstanda iştirak etdiyini vurğulayıb. Əlavə olunub ki, Azərbaycan zabitləri dünyanın bir çox ölkəsində, o cümlədən Polşada uğurla təhsil alır və peşəkar hərbçi olaraq yetişirlər.

Səfir Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününün həm Azərbaycan, həm də Polşa üçün əziz olan iki qəhrəman hərbçi - polkovnik Vəli bəy Yadigar və general Maçey Sulkeviçin abidələrinin ucaldığı Varşavanın Polinski parkında qeyd edilməsinin rəmzi mahiyyətini diqqətə çatdırıb. Xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin nin müstəqilliyinin ilk və çətin aylarında əslən Polşa tatarlarından olan, Azərbaycanı özünə Vətən seçmiş general Maçey Sulkeviç Milli Ordunun Baş qərargahının rəisi olub. Cümhuriyyətin ilk paytaxtı Gəncədə bolşeviklərə qarşı silahlı müqavimətin təşkilində böyük fədakarlıqlar göstərmiş polşalı zabitlər - polkovnik Dunin-Marçinkeviç, kapitan Klossovski, kapitan Çarneçki, kapitan Pavlovskinin xidmətləri də unudulmayıb.

Əlavə olunub ki, 1940-1944-cü illərdə “Jelen” (Maral) alayını yaradaraq “Armiya Krayova” xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olan Vəli bəy Yadigar isə Polşa uğrunda döyüşlərdə öz qəhrəmanlığı və şücaəti ilə seçilib. Vəli bəy Yadigarla yanaşı, Polşa ordusunda xidmət etmiş digər zabitlər - polkovnik İsrafil bəy Məhəmməd (İsrafilov), polkovnik Cahangir bəy Kazım, podpolkovnik İsrafil bəy Yadigarov, Həmid bəy Məmmədzadə və Kazım bəy Səfəroğlunun da adları yad edilib.

Sonda Müzəffər Ali Baş Komandanın azad iradəsini və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti qeyd edən N.Qurbanova Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edildiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı və ordusunun əzmi, birliyi, gücü nəinki öz əzəli torpaqlarımıza zəfər bayrağı ilə qayıtmağımızı təmin edib, eyni zamanda, bölgədə sülh, sabitlik, təhlükəsizlik və regional əməkdaşlıq üçün unikal imkanlar yaradıb.

Tədbirdə Polşa-Azərbaycan dostluq qrupunun sədr müavini Barbara Bartuş Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə təmsil etdiyi parlament qrupu və Polşa Seymində Hüquq və Ədalət partiyası fraksiyasının rəhbərliyinin təbriklərini çatdırıb. O, iki qəhrəmanın adına ucaldılmış abidələrin ölkələrimiz arasında tarixi əlaqələrə verilən önəmin göstəricisi olduğunu bildirib, eyni zamanda, Azərbaycan və Polşa arasında yaxşı münasibətləri qeyd edib.

Sonra Varşavanın Cənubi-Praqa rayonunun merinin müavini Piotr.Jbikovski çıxış edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə rayon rəhbərliyinin təbriklərini çatdırıb. Abidələri önündə dayandığı, həm Azərbaycan, həm də Polşada böyük ehtiramla yad edilən iki qəhrəmanın şücaətinin gələcək nəsil üçün örnək olduğunu qeyd edib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlara müxtəlif təamlar təqdim olunub.

Mərasimdə Polşa Seymi, Xarici İşlər Nazirliyi, Baş Qərargahının nümayəndələri, Varşava Universitetinin təmsilçiləri, türkoloq alimlər, ziyalılar, Azərbaycan diasporunun nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.

AzVision.az

Qalereya




Teqlər: 26İyun   Varşava   Bakı  





Xəbər lenti