Bardella Kiyevə dəstəyin şərtlərini açıqlayıb

   Bardella    Kiyevə dəstəyin şərtlərini    açıqlayıb
  27 İyun 2024    Oxunub:665
Fransanın “Milli Birlik” partiyasının sədri Jordan Bardella Rusiya ilə münasibətlərin pisləşməyəcəyi təqdirdə Ukraynaya kömək etməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Bardella “Financial Times” qəzetinə açıqlamasında yalnız Moskva ilə münasibətlərə neqativ təsir göstərməyəcəyi halda Kiyevi hərbi baxımdan dəstəkləyə bilər.

“Partiya “güclü rusiyapərəst əhval-ruhiyyə” nümayiş etdirib, lakin 2022-ci ilin fevralında genişmiqyaslı döyüşlər başlayandan sonra Kiyevi dəstəkləyib. Xüsusilə, o, Ukraynanın müdafiəsi üçün sursatların verilməsinin tərəfdarı olduğunu açıqlayıb. Lakin bu partiya münaqişənin genişlənməsinə səbəb ola biləcək silahların ötürülməsinə qarşı çıxıb”, - qəzet yazıb.

Fevral ayında Fransa Ukrayna ilə təhlükəsizlik zəmanəti sazişi bağlayıb və bu müqaviləyə əsasən, Paris cari ildə Kiyevə 3 milyard avro həcmində yardım edəcək. Moskva Ukraynaya silah tədarükünü pisləyib. Zəmanətlərə gəlincə, prezident Vladimir Putin yalnız Rusiyanın təhlükəsizliyinin təminatı müqabilində Kiyevin həmin silahları ala bilməsini vurğulayıb. Məhz bu reallığı nəzərə alan Bardella sözügedən problemlə bağlı mövqeyinin qəti olduğunu bildirib.

“Mənim mövqeyimi dəyişib, lakin bir daha dəyişməyəcək”, - fransalı siyasətçi “Financial Times” qəzetinə müsahibəsində deyib.

Qeyd edək ki, Jordan Bardella 2022-ci ildə ifrat sağçı “Milli Birlik” partiyasının sədri seçilib. O, bu postda uzun illərdən bəri partiyaya rəhbərlik edən Marin Le Peni əvəzləyib. İyunun 9-11-də Avropa Parlamentinə keçirilən seçkilərdə “Milli Birlik” 31,5% səs toplayıb ki, bu da Fransa prezidenti Emmanuel Makronun “Dirçəliş” partiyasının daxil olduğu “Besoin d'Europe” koalisiyasının (14,5%) nəticəsindən təxminən 2,2 dəfə yüksəkdir. Məhz bundan sonra Makron parlamentin aşağı palatasının buraxıldığını, iyunun 30-da və iyulun 7-də növbədənkənar seçkilərin keçiriləcəyini bildirdi.

Marin Le Pen TF1 telekanalına müsahibəsində “Milli Birlik” partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə Jordan Bardellanın baş nazir olacağını, özünün isə Fransanın prezidenti postu uğrunda mübarizə aparacağını açıqlayıb.

Lakin partiyası məğlub olsa belə Emmanuel Makron 2027-ci ilin mayında səlahiyyətləri bitənədək prezident kreslosunu tərk etmək istəmir. Bəzi ekspertlər isə onun hətta müxtəlif fəndlərlə üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşdığını da istisna etmirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   Ukrayna  





Xəbər lenti