DİN və DSX birgə əməliyyat keçirdi

   DİN və DSX birgə əməliyyat keçirdi
  30 İyun 2024    Oxunub:1068
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyindən bildirilib.

Beyləqan rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1993-cü il təvəllüdlü Adil Təhməzov saxlanılıb. Onun üzərindən, həmçinin avtomobilindən 180 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

İlkin sorğu zamanı A.Təhməzov onda aşkar olunmuş narkotikləri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Həsən” adlı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti