Die Welt: “Ukraynada əsgər çatışmır”
“İtkiləri kompensasiya etmək və yeni briqadalar yaratmaq üçün Ukraynaya hər rübdə ən azı 50 min, bu ilin sonuna isə ümumilikdə 200 min yeni əsgər lazımdır”, - nəşr yazıb.
Avropa təhlükəsizlik dairələrindən nəşrə ötürülən məlumata görə, Ukrayna son aylar bu göstəricilərdən xeyli geri qalır. Vyanadakı Tereziya Hərbi Akademiyasının Zabit Hazırlığı İnstitutunun rəhbəri polkovnik Markus Raysner 2022-ci ildən Ukraynanın döyüş təcrübəsi olan hərbçilərin əhəmiyyətli hissəsini itirdiyini bildirib.
- Bundan əlavə, ordu, demək olar ki, rotasiya həyata keçirə bilmədiyi üçün qalan əsgərlərin çoxu qeyri-sabit fiziki və psixoloji durumdadır”, - Raysner deyib.
Əsgər çatışmazlığı fonunda Ukrayna parlamentinin may ayında qəbul etdiyi yeni qanuna əsas ölkədə məhbuslar döyüşlərə cəlb olunmağa başlayıb. Bu qanun müqavilə əsasında Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün məhbusların şərti azadlığa buraxıla bilməsini nəzərdə tutur.
“Bu müharibədə azad edilmiş cinayətkarlardan istifadə edilməsi yenilik deyil. Rusiya ordusu 2022-ci ilin yayından öz sıralarını məhbusların hesabına doldurur. Minlərlə belə rusiyalı təkcə 2023-cü ildə Ukraynanın şərqindəki Baxmut şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanıb və ya öldürülüb. Hazırda Ukrayna ordusunun həbsxanalardan da əsgər toplaması vəziyyətin ciddiliyindən xəbər verir. Putinin ordusu isə bütün cəbhələrdə təşəbbüsü ələ keçirir və ölkənin şərqində yavaş-yavaş irəliləyir”, - qəzet yazır.
Bu kontekstdə, müasir döyüşçü və sursat çatışmazlığından başqa, Ukraynanın üzləşdiyi əsas problemlərdən birinin də əsgər çatışmazlığı olduğu aydınlaşır. Müharibə başlayandan bəri ölkədə ölən və ya yaralananların sayı altı rəqəmli ədədlə ölçülür.
Qərbli ekspertlərin hesablamalarına görə, hazırda Rusiyanın Ukraynada yarım milyona yaxın əsgəri var ki, bu da hərbi müdaxilənin əvvəlindəki saydan təxminən iki dəfə çoxdur. Rusiyanın buradakı müasir silahlı qüvvələri məhv edilməsinə və ayrı-ayrı hissələrin keyfiyyətinin aşağı düşməsinə baxmayaraq, nəhəng şəxsi heyət və maddi resurslar sayəsində Moskva üstünlüklərə malikdir. Müharibə başlayandan Rusiyada yüz minlərlə insan səfərbər olunub. Bundan başqa, könüllüləri cəbhəyə göndərməyə çalışan Kreml ölkə üzrə orta əmək haqqı ilə müqayisədə yüksək maaş təklif edir.
Bu arada dövlət başçısının komandasındakı həmsöhbətinin bəyanatına istinad edən NV nəşrinin yazdığına görə, Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ilə bağlı “ümumiyyətlə çox da məmnunluq duymur”.
Materialda qeyd olunur ki, Xarkov vilayətində Rusiya ordusunun hücumuna qarşı Ukrayna qoşunlarının uğursuz hazırlığı barədə Aleksandr Sırskiyə ciddi iradlar var.
“Bu mənbənin məlumatına görə, prezidentin ofisinin və dövlət başçısının narazılığı həm Rusiyanın Xarkov vilayətində hücumuna uğursuz hazırlıq, həm də bir sıra digər məsələlərlə bağlıdır. Bununla belə, həmsöhbətimiz baş komandanın yaxın vaxtlarda tutduğu vəzifədən uzaqlaşdırılacağının inandırıcı olmadığını deyib”, - qəzetdə dərc olunan materilada deyilir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna səfərbərlik