Turizm və hotelçilik sənayesi COP29-a hazırdır

 Turizm və hotelçilik sənayesi COP29-a hazırdır
  03 İyul 2024    Oxunub:1633
Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri keçirilir.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sahəsinin və hotelçiliyin daha da inkişaf etdiyini deyib. O, turizm və otelçilik sənayesinin Bakıda keçirələcək COP29- a hazır olduğunu söyləyib:
"Əsas hədəf COP29 kimi beynəlxalq tədbirin yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir. COP29 çərçivəsində ölkəmizə gələcək ziyarətçilərin mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlayn rezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələri təqdim olunub".

Agentlik rəhbəri həmçinin iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellərdən də söz açıb. O, bu hotellərin tezliklə ulduz təsnifatını uğurla başa vuran hotellərin sırasına qoşula biləcəklərinə ümid etdiyini söyləyib: "Qeyd edim ki, Ulduz təsnifatı regionlar üzrə də davam edəcək".

Fuad Nağıyev Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin olunduğunu söyləyib. Onların arasında beş, dörd, üç, iki və bir ulduzlu hotellər də mövcuddur. 40-a yaxın hotelə isə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxt verilib və onlar yenidən audit olunacaqlar.

Çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib ki, halal turizm xidmətləri üzrə yeni standartlar hazırlanıb. Bununla da turizm sektoru müsəlman ölkələrindən gələnlərin sayəsində daha da inkişaf edəcək. O dağçılıq və digər sahələr üzrə də dövlət standartlarının hazırlandığını açıqlayıb: "Ölkəmizdə turizm sahəsində 7 dövlət standartı var. Beynəlxalq təcrübədə isə İSO üzrə 57 standart varr. Hazırda yeni standartlar hazırlanır. Yəqin ki, onlar bu il qəbul ediləcək".

AzVision.az

Qalereya




Teqlər: Turizm  





Xəbər lenti