Yeni briqadalar Kiyevi xilas edəcəkmi? - ISW "təchizat böhran"ından yazdı

   Yeni briqadalar Kiyevi xilas edəcəkmi? -    ISW "təchizat böhran"ından yazdı
  04 İyul 2024    Oxunub:1319
Ukrayna səfərbərlik fonunda bir neçə yeni briqada yaradır. Lakin Kiyev tərəfdaşlardan gələn yardımların gecikməsi səbəbindən bu briqadaları lazımi səviyyədə silahlandıra bilməyəcək.
Bu fikirlər Müharibə Araşdırmaları İnstitutunun (ISW) yaydığı hesabatdandır.

Rusiya niyə ehtiyat qüvvələri döyüşə atır? - İSW səbəb və detalları açıqladı
ISW ekspertlərinin fikrincə, Qərbin vaxtında göndərdiyi yardımlar Ukrayna hərbi qüvvələrinin döyüş meydanında təşəbbüsə nə vaxt və hansı dərəcədə yiyələnməsinə ciddi təsir edir. Bu cür hərbi və təhlükəsizlik dəstəyi əhəmiyyətlidir, ukraynalıların gələcəkdə uğurlu əks-hücum əməliyyatları keçirmələri üçün də həlledici amil sayılır.

Qeyd edilir ki, Ukrayna prezidenti Volodimir Zelenski ordunun canlı qüvvə baxımından bir neçə ay əvvəlkindən fərqli olaraq daha yaxşı vəziyyətə gətirildiyini etiraf edib.

Bununla belə, o, Ukrayna hərbi qüvvələrinin gələcəkdə uğurlu əks-hücum əməliyyatları keçirə bilmələrini briqadaların mexanikləşdirilmiş döyüş maşınları, zirehli transportyorlar, tanklar ağır texnika və artilleriya kimi silah sursatla təchiz edilməsindən asılı olduğunu da deyib: "Zelenski onu da etiraf edib ki, hərbi texnikaların cəbhəyə qədər gəlib çıxması prosesi çox uzun çəkir. ABŞ-nin təhlükəsizlik yardımları ləng görünür. Bu, Ukraynanın ehtiyat briqadalarını müdafiə əməliyyatlarına cəlb etmək üçün operativ şəkildə təchizatına mane olur".

Analitiklərin fikrincə, hazırda söhbət yaradılmaqda olan ən azı 10 yeni Ukrayna briqadasından gedir.

Hesabatda o da yazılıb ki, səfərbərliyin sayəsində yaradılmış yeni bölmələrin təchizatını Qərbin ləng gələn yardımlarını gözləməklə həyata keçirmək düzgün deyil. Çünki indi zaman qızıla bərabərdir, proseslər isə çeviklik tələb edir. Ruslar döyüş meydanında ələ aldıqları təşəbbüsdən istifadə edərək Ukraynanı davamlı şəkildə sıxmağa, onları müdafiə əməliyyatlarına canlı qüvvə və texnikalarını cəlb etməyə çalışırlar. Kreml həmçinin qarşı tərəfin təşəbbüsü ələ keçirməsi üçün lazım olan kritik kadr və resursları toplamasına da mane olmağa çalışır.

Ukraynanın Çasovoy Yar ərazisi yaxınlığında fəaliyyət göstərən briqada komandiri də hazırkı situasiyaya ISW ekspertlərinin rəylərinə oxşar qiymət verib. Onun sözlərinə görə, nəzarətində olan əməliyyat zonasındakı Ukrayna bölmələri hazırda canlı qüvvədən çox sursata ehtiyac duyur.

Qeyd edək ki, Müharibə Araşdırmaları İnstitutu ilə yanaşı Ukrayna mediası da hazırda yaradılmaqda olan bütün yeni briqadaların təchizatında problemlərin yaşanmasından yazır. Hərbi jurnalistlər yeni qüvvələrin tam şəkildə silahlandırılıb təchiz olunmaları üçün kifayət qədər maddi resursların olmadığını tez-tez vurğulayırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Müharibə   Sursat   ABŞ   Yardım  





Xəbər lenti