BMU ilə Koreyanın INHA Universiteti arasında Niyyət məktubu imzalanıb

BMU ilə Koreyanın INHA Universiteti arasında Niyyət məktubu imzalanıb
  05 İyul 2024    Oxunub:1505
Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın INHA Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Niyyət məktubu imzalanıb
AzVision.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev və INHA Universitetinin rəhbəri Cho Myong Voo tərəfindən imzalanan sənəd əlaqələrin gücləndirilməsi, eyni zamanda, hər iki tərəfin tələbələri üçün təhsil təcrübəsi və imkanlarını artırmaq məqsədi daşıyır.

İmzalanma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, nazirin müşaviri Nicat Məmmədli, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, eləcə də hər iki universitetin rəhbər şəxsləri iştirak ediblər.

Niyyət məktubuna əsasən, iki universitet tədris proqramları, tədqiqat təşəbbüsləri və mədəni mübadilələrin inkişafı üçün birgə əməkdaşlıq edəcək. Razılaşma sənədində, həmçinin tərəflərin BMU ilə INHA arasında birgə icra olunan beynəlxalq ikili diplom proqramının təhsildə fərqlənən məzunlarına xüsusi imtiyazlar verməsi, xüsusilə INHA Universitetinin proqram məzunlarının 10 faizinə bu universitetin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayırması kimi məsələlər öz əksini tapıb.

BMU ilə INHA Universiteti arasında ikili diplom proqramının icrasına 2020-ci ildə başlanılıb. 3+1 modelinə əsaslanan proqram çərçivəsində ümumilikdə 385 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 il isə INHA Universitetində təhsil almaq hüququna malikdirlər.

Proqrama uyğun olaraq BMU-nun inşaat mühəndisliyi, informasiya texnologiyaları, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə bu il 61 tələbə məzun olur.

AzVision.az



Teqlər:





Xəbər lenti