"Hizbullah" İsrailə cavab zərbəsi endirib

   "Hizbullah" İsrailə cavab zərbəsi endirib
  06 İyul 2024    Oxunub:1418
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı və İsrail arasında sərhədboyu toqquşmalar daha da şiddətlənir.
AzVision.az xəbər verir ki, təşkilat İsrailin bugünkü aviazərbələrinə cavabən ölkənin Beyt-Hilel qəsəbəsini bombalayıb.

İsrail tərəfi hücumun açıq əraziyə tuşlandığını diqqətə çatdırıb.

"Hizbullah" ötən il oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri Qəzzaya dəstək nümayişi kimi İsrail-Livan sərhədində mütəmadi təxribatlar törədir. İsrailin cavab zərbələri və tərəflər arasında artan toqquşmalar Yaxın Şərqdə ikinci müharibə cəbhəsinin açılması təhlükəsini doğurur.
Borrel: "Müharibə Livana sıçrayır"

Bir sıra Avropa nümayəndəsi, o cümlədən Almaniyanın xarici işlər naziri Annalena Berbok münaqişənin qızışmasının regionda fəlakətə gətirib çıxaracağını vurğulayıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel isə Livanda mümkün müharibənin Avropaya sıçraya biləcəyinə diqqət çəkib.

İsrailli hərbçilər də bu gedişatdan narahatdırlar. General İtshak Brik yerli "Maariv" qəzetindəki məqaləsində:

"Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və Baş Qərargah rəisi Herzi Halevi ölkəni ağır, genişmiqyaslı regional müharibəyə doğru aparırlar", - yazıb.

Digər tərəfdən, "Hizbullah"ın himayədarı İran isə "İsrail təşkilata qarşı genişmiqyaslı müharibəyə başlayarsa, ona dəstək verəcəyini" xatırladıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Hizbullah   Livan   İsrail   Yaxın-Şərq   müharibə  





Xəbər lenti