Fransadakı seçkilərdə solçu koalisiya qalib gəldi

Fransadakı seçkilərdə solçu koalisiya qalib gəldi
  08 İyul 2024    Oxunub:975
Fransada solçu partiyaların koalisiyasını təmsil edən “Yeni Xalq Cəbhəsi” ölkənin Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərin ikinci turunda qalib gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Yeni Xalq Cəbhəsi” parlamentdə 182 yer qazanıb. İkinci yerdə 168 yerlə Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi “Birlikdə” koalisiyası yer alıb.

Jordan Bardellanın “Milli Birlik” partiyası isə parlamentdə 143 yer tutaraq üçüncü olub.

Bununla yanaşı, “Respublikaçılar” partiyası 45 yer qazanıb. Daha 39 yeri isə seçkinin digər iştirakçıları tutub.

Seçkinin nəticələrini şərh edən “CNN” telekanalı qeyd edib ki, bu, heç bir partiyanın mütləq səs çoxluğu (289 yer) qazana bilmədiyi mənasına gəlir.

Xatırladaq ki, Fransada növbədənkənar parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti